Bakı, 15 yanvar Fins.az
Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və Vətən müharibəsində layiqincə iştirak etdikdən sonra tərxis olunmuş bəzi vətəndaşlarımız, eləcə də digər şəxslər tərəfindən bəzən hərbi geyim formasını daşımaq hüququna malik olmadıqları halda bu geyimdən istifadə edilməsi, xüsusilə də geyim formasını daşıma hüququnun pozulması halları aşkarlanıb. Belə hallar qanunvericiliyə zidd olmaqla yanaşı, müzəffər Azərbaycan Ordusunun imicinə xələl gətirir və rəşadətli Azərbaycan əsgərinin profilinə müəyyən neqativ təsirlər göstərir.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov yanvarın 15-də jurnalistlərə müsahibəsində deyib.
Mətbuat katibi qeyd edib ki, hərbi geyim formasının daşınması qaydaları “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnaməyə və “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli Fərmanı ilə tənzimlənir. Bu Fərmana əsasən hərbi geyim formasını daşıma hüququna malik olmayan şəxslərin bu formadan istifadə etməsi qadağan edilib. Bununla yanaşı, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi geyim və xüsusi geyim formasını daşımaq hüququ olmayan vətəndaşlardan bu formanın dərhal müsadirə edilməsi və 300 manatdan 500 manatadək cərimə tətbiq olunması nəzərdə tutulub.
“Belə halların qarşısını almaq məqsədilə Müdafiə Nazirliyi tərəfindən preventiv tədbirlər həyata keçirilib. Respublikanın müxtəlif şəhər və qəsəbələrində artıq hərbi polis bölmələrinin əməkdaşları tərəfindən reydlər keçirilib və belə halların qarşısı alınır”, - deyə Anar Eyvazov vurğulayıb.