Vətən müharibəsində şəhid olan Xudayar Yusifzadəyə şeir həsr edilib.
Fins.az xəbər verir ki, şeirin müəllifi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur.
Xatırladaq ki, ölkə başçısının sərəncamı ilə şəhid Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.
Cavid Qurbanovun ona həsr etdiyi şeiri təqdim edirik:
Duman gəldi, dağ dumanda əridi,
Yağı düşmən ətrafları bürüdü,
Ana yurdun bülbül səsli igidi,
Nəğmələrin səndən qaldı yadigar,
Şəhid balam, şəhid oğlum Xudayar.
Sən daşıydın, torpağıydın vətənin,
Ağacıydın, budağıydın vətənin,
Nəğməli bir qonağıydın vətənin,
Sən gedəli o dağlara yağdı qar,
Şəhid balam, şəhid oğlum Xudayar.
Unudarmı oba səni, el səni,
Unudarmı çəmən, çiçək, gül səni,
Unudarmı duman səni, çən səni,
Hər ürəkdə sənin üçün xeymə var,
Şəhid oğlum, şəhid balam Xudayar.
Dastan deyib dastan olan igidim,
Döyüşündə aslan olan igidim,
Şəhidliklə zirvə tutan igidim,
Ruhun cənnət, yerin olsun laləzar,
Şəhid oğlum, şəhid balam Xudayar.