Bakı, 10 dekabr Fins.az
Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Ermənistanla müharibə qaçılmaz idi.
“Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Belə olan halda münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi”, - Əliyev cümə axşamı Bakıda Zəfər paradında bəyan edib.
Bu barədə fins.az məlumat verir.
Onun sözlərinə görə, son illər ərzində, xüsusən son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi. “Ermənistan rəhbərliyinin çox zərərli və təhlükəli bəyanatları demək olar ki, danışıqlara son qoymuşdu. “Qarabağ Ermənistandır” deməklə, Ermənistan rəhbərliyi danışıqlara son qoymuşdu”, - Əliyev deyib.
Azərbaycan prezidenti bildirib ki, tarixi torpaqlarımızda xaricdən gətirilmiş erməniləri məskunlaşdırmaq hərbi cinayətdir, beynəlxalq konvensiyalara ziddir.
“Biz bunu görürdük və öz sözümüzü beynəlxalq kürsülərdən dünya ictimaiyyətinə çatdırırdıq. Bu ilin sentyabr ayında - müharibəyə üç gün qalmış BMT Baş Asssambleyasının kürsüsündən mən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır və Ermənistan dayandırılmalıdır. Belə də oldu”, - Əliyev bəyan edib.
Dövlət başçısı qeyd edib ki, bu il Ermənistan Azərbaycana qarşı üç dəfə hərbi təxribat törədib. “Cari ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi təxribat törədildi və Ermənistan bizim torpaqlarımızı işğal etmək istədi. Lakin Ermənistan layiqli cavab aldı. Avqust ayında Azərbaycana diversiya qrupu göndərildi, həmin diversiya qrupu zərərsizləşdirildi. Və, nəhayət, 27 sentyabrda bizim kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qalıb, mülki şəxslər və hərbçilər arasında itkilər olub. Biz dedik ki, yetər artıq, bu işğala son qoyulmalıdır və son qoyulacaq və mən Ali Baş Komandan kimi əmr verdim ki, Azərbaycan əsgəri torpağımızı azad etməli, şğalçını cəzalandırmalıdır. Belə də oldu. 44 gün ərzində Azərbaycan məqsədinə nail oldu, ədaləti bərpa etdi”, - prezident vurğulayıb.
“Bu müharibənin hər günü - bizim şanlı tariximizdir. Hər gün Azərbaycan irəli gedirdi”, - Əliyev əlavə edib