QARABAĞ

02 Dekabr

AZPROMO 2021-2025-ci illəri əhatə edəcək Milli Strategiyanı hökumətə təqdim edəcək

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 2021-2025-ci illəri əhatə edəcək Milli İxrac Strategiyasını yaxın vaxtlarda hökumətə təqdim edəcək.

Fins.az xəbər verir ki, bu barədə AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib.

"Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən onlayn "B2G Forum"da çıxışı zamanı o "Hazırda biz milli ixrac strategiyası üzərində işləyirik. Təəssüf ki, koronavirus pandemiyası, eləcə də Vətən müharibəsi planları dəyişdi və biz bu istiqamətdə işi təxirə salmağa məcbur olduq. 2021-2025-ci illər üzrə strategiya tezliklə hökumətə təqdim olunacaq, sənəd sahibkarların iştirakı ilə müzakirəyə çıxarılacaq. Bu strategiyanın gələn ilin əvvəlində təsdiq olunacağı gözlənilir”, - deyə  bildirib.

Strategiya üç əsas prinsipdən ibarət olacaq: Azərbaycanda ixrac mədəniyyətinin yaradılması, xarici bazarların tələbatına uyğun məhsulların istehsalı, "Made in Azerbaijan" brendinin dünya bazarında yayılması.

"Bu strategiyada biz 7 əsas kateqoriya üzrə 118 məhsul ayırmışıq. Biz bu strategiyanı il ərzində Avropa İttifaqının və digər beynəlxalq təşkilatların ekspertləri ilə birgə hazırlamışıq", - deyə Abdullayev əlavə edib