Bakı, 25 noyabr Fins.az
“Dağlıq Qarabağ Azərbaycanın tarixi bir hissəsidir. Ermənilər 1813-cü ildə “Gülüstan” və 1828-ci ildə imzalanan “Türkmənçay” müqavilələrindən sonra 19-cu əsrin əvvəllərində bu ərazilərdə yerləşdirilib”.
XİN-in Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibəsində deyib.
O bildirib ki, sovet dövründə ermənilərin oradakı əhalinin əksəriyyətini təşkil etdiyi faktdır: “Amma xatırlayaq ki, orada yaşayan azərbaycanlılar və onu əhatə edən 7 Azərbaycan bölgəsində yaşayanlar 1990-cı illərin əvvəllərində işğaldan sonra Ermənistanın həyata keçirdiyi etnik təmizləmənin qurbanı oldular. On illərdir ki, bu insanların hüquqları kobud şəkildə pozulub. Ermənistanın suverenliyi Azərbaycan torpağında deyil, Ermənistan Respublikasının ərazisində həyata keçirilə bilər. Dağlıq Qarabağın statusu məsələsi 9 noyabr tarixli üçtərəfli bəyanatda qeyd olunmayıb. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağın hər iki icması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və təhlükəsizlik şəraitində birgə yaşaya bilər”.
Nazir qeyd edib ki, Azərbaycan Konstitusiyası etnik mənsubiyyətindən, dinindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşı bərabər hüquqlar ilə təmin edir və azadlıqlarını qoruyur: “Azərbaycan beynəlxalq birliyin məsul üzvüdür, bir çox beynəlxalq qurumların üzvüdür, əsas hüquqları, azadlıqları, mədəni və dini irsi qoruyan müqavilə və konvensiyalara riayət edir. Dağlıq Qarabağın gələcəyi onun iqtisadi, mədəni və insan resurslarının inkişafı ilə müəyyənləşdiriləcəkdir. Prezidentimiz, artıq işğal altında olmayan ərazilərin bərpası və yenidən qurulması üçün proqramın hazırlanacağını açıqladı. Azərbaycan sülh, təhlükəsizlik və qarşılıqlı hörmət şəraitində Dağlıq Qarabağdakı azərbaycanlı və erməni icmalarının birgə yaşayışını təmin etməyə hazırdır”.