Bakı, 21 noyabr Fins.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Fins.az xəbər verir ki, nümayəndə heyətini salamlayan Prezident İlham Əliyev dedi:
-Hörmətli cənab nazir.
Hörmətli nümayəndə heyətinin üzvləri.
Sizi Azərbaycanda salamlamağa şadam. Sergey Kujuqetoviç, sizinlə 3 ay bundan əvvəl görüşmüşük. O vaxt siz Ordu Oyunları ilə əlaqədar Azərbaycana gəlmişdiniz. Bu gün biz Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə edəcəyik. Bizim fikrimizcə, Bəyanatın müddəaları uğurla həyata keçirilir və bu, həm Azərbaycan tərəfin, həm də Ermənistan tərəfin çoxillik münaqişəyə son qoymağa və siyasi nizamlama mərhələsinə çıxmağa hazır olduğunu bir daha nümayiş etdirir.
Mən keçən dəfə Dağlıq Qarabağ münaqişəsinə dair bizim mövqeyimiz barədə sizə danışmışdım. Siz ölkəmizə avqustun axırında gəlmişdiniz. O vaxt həm iyul ayında, həm də avqust ayında Azərbaycana qarşı hərbi təxribat, silahlı təxribat üçün iki dəfə cəhd göstərilmişdi. Onlardan birincisi iyul ayında, sərhədin Tovuz rayonu hissəsində, digəri avqust ayında Ermənistan silahlı qüvvələrinin təxribat qrupu təmas xəttindən ölkəmizə soxulmağa cəhd göstərmiş və həmin qrupun rəhbəri saxlanılmışdı. Onun ifadələri məhz silahlı təxribat təşkil etmək niyyətində olduqlarını sübut edirdi. Bu siyasət davam etdi və onunla bitdi ki, sentyabrın axırlarında Ermənistan silahlı qüvvələri növbəti dəfə bizim yaşayış məntəqələrinə hücum etdilər və biz onlara layiqli cavab verməli olduq. Sonra nələr baş verdiyini biz hamımız yaxşı bilirik.
Qırx dörd günlük silahlı mübarizədən, silahlı əməliyyatlardan sonra sənəd imzalandı. Mən həmin sənədi çox mühüm siyasi sənəd hesab edirəm, o, mahiyyət etibarilə çoxillik qarşıdurmaya nöqtə qoyur. Sizə, həmçinin Rusiyanın rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə bu mühüm siyasi sənədin hazırlanmasında və qəbul edilməsində şəxsən fəal iştirak etdiyinə görə təşəkkürümü bildirmək istərdim.
Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan tərəfi müharibə aparılmasının bütün normalarını, habelə humanitar normaları kobud şəkildə pozub. Bizim şəhərlərimiz və kəndlərimiz hər gün bombardmana məruz qalırdı. Nəticədə aralarında uşaqların və qadınların da olduğu 94 dinc Azərbaycan sakini həlak olub, 400-dən çox adam yaralanıb, 3 mindən çox ev yararsız vəziyyətə düşüb, yaxud tamamilə məhv edilib. Hərbi əməliyyatlar zonasının yaxınlığında yerləşən şəhərlər praktiki olaraq hər gün atəşlərə, minaatan və artilleriya atəşlərinə məruz qalırdı, dinc əhalinin məhv edilməsi üçün Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərə ballistik raketlərlə məqsədyönlü şəkildə hücum edilirdi. Biz bütün bu hərbi cinayətləri – ballistik raketlərdən, kasetli və fosforlu döyüş sursatlarından istifadə edilməsini sənədləşdirmişik və Azərbaycan tərəfinin görəcəyi sonrakı hüquqi tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar vermişik.
Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi. Bizdə çoxsaylı fotosənədlər və videosənədlər var, əcnəbi vətəndaşların, o cümlədən Fransa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasportları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri belə deyil. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfində əcnəbi muzdluların iştirak etməsi, əlbəttə, yolverilməzdir.
Bütün bunlara baxmayaraq, hərbi əməliyyatların nəticəsi hamıya məlumdur. Azərbaycan Ordusu parlaq hərbi qələbə qazandı və beləliklə biz siyasi nizamlama müstəvisinə keçdik. Dünən Azərbaycan Ordusu Ağdam şəhərinə, Ağdam rayonunun işğal altındakı qalan hissəsinə daxil oldu. Beləliklə, Bəyanatın bəndləri yerinə yetirilir.
Biz Rusiya Federasiyasının sülhməramlı missiyasının yerləşdirilməsini də alqışlayırıq. Bu missiya bizim müvafiq strukturlarla və bildiyimizə görə, Ermənistan tərəfi ilə də işgüzar əlaqəli şəkildə işləyir. Hesab edirəm ki, bu, vəziyyətin sabitləşməsi üçün mühüm amildir və Bəyanat imzalanan andan atəşkəslə bağlı hər hansı ciddi pozuntular olmayıb və əminəm ki, olmayacaq.
Biz Azərbaycan ərazisində atəşkəsin müşahidə edilməsi üzrə mərkəz yaradılması barədə Rusiya Federasiyası ilə Türkiyə arasında danışıqların fəal gedişini də alqışlayırıq. Hesab edirik ki, bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm elementdir. Biz Türkiyə rəhbərliyinə və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana hərbi əməliyyatların dayandırılması üçün ilkin şərait yaradılmasında iştirakına görə təşəkkür edirik. Həm Rusiya, həm də Türkiyə - bizim üçün dost olan iki ölkə, iki qonşumuz atəşkəsə riayət edilməsi və atəşkəsə nəzarət tədbirlərində iştirak edəcəklər. Bu da bizim qonşularımız olan iki ölkə arasında, habelə regional əməkdaşlıq çərçivəsində qarşılıqlı fəaliyyət formatının möhkəmlənməsinə dəlalət edir. Ümidvaram ki, bugünkü atəşkəs və Ermənistan ilə münasibətlərin normallaşması barədə bizim planlarımız, - əgər onlar Ermənistan tərəfindən müsbət qəbul edilərsə, - regionda yeni vəziyyətin, əməkdaşlığın, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün şərait yarada bilər. Bu, hamının xeyrinə olar. Bizim regionda məskunlaşan xalqlar da, qonşularımız da, bütövlükdə dünya da daha təhlükəsiz olacaq.
Sizi bir daha salamlayıram. Çox şadam ki, siz ölkəmizə böyük nümayəndə heyəti ilə gəlirsiniz, bu gün müzakirə etmək üçün geniş gündəliyimiz var. Bir daha xoş gəlmisiniz.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu dedi:
-Sağ olun, hörmətli cənab Prezident. Əvvələn, Sizə təşəkkür edirəm ki, bizimlə görüşmək, bir qismi təcili, əksəriyyəti aktual, ümdə olan məsələlərin müzakirə edilməsi üçün vaxt tapmısınız. Zaman dinamik hərəkət edir, sürətlə keçir. Rusiya, Azərbaycan və Ermənistan dövlətlərinin rəhbərləri tərəfindən plan, mənim fikrimcə, tarixi Bəyanat qəbul ediləndən sonra o qədər də çox vaxt keçməyib, lakin sülhməramlı kontingent, sülhməramlı qüvvələr müəyyən edilmiş mövqeləri tutublar, yəni orada 23 post var. Təmas xəttində təhlükəsizliyi təmin etmək üçün magistral tərəfdə yerləşən bu postlar nəzarətə götürülüb. Köçkünlərin qayıtması başlanıb. Əlbəttə, nizamlanmış bütün işlər bu gün öz nəticələrini verir.
Siz qeyd etdiyiniz kimi, bu müddətdə, ola bilsin, nadir istisnalarla, hesab edirik ki, əhəmiyyətsiz atışmaları nəzərə almasaq, atəşkəs rejiminə riayət edilir və mən əminəm ki, bundan sonra da belə olacaq.