QARABAĞ

19 Noyabr

Fransa Senatı qondarma qurumu tanımaqla bağlı qətnaməni müzakirəyə hazırlaşır

Bakı, 19 noyabr Fins.az

Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı Fransa dövlətinə tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır. 

Fins.az xəbər verir ki, qətnamə layihəsi Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsindən daha çox, onun tanınmağa ehtiyacı olduğunu iddiasının lobbiçiliyi üzərində qurulub. Fransa Konstitusiyasının 34-1-ci maddəsinə əsasən bu, yalnız bir qətnamədir və onun icrası məcburi deyil. Ümumilikdə Fransanın Vətən müharibəsinin başladığı gündən etibarən ATƏT-in həmsədr ölkələrindən biri kimi Azərbaycana qarşı sərgilədiyi mövqedə nümayiş etdirdiyi qərəz hər kəsə məlumdur. Şübhəsiz ki, bu qətnamə də erməni lobbisinin ciddi cəhdləri sayəsində ərsəyə gəlib və onu növbəti təxribat adlandırmaq olar. Məlumdur ki, bu ölkədə bəzi siyasətçilər, parlament üzvləri erməni lobbisinin təsir dairəsindədirlər. Ermənilər onların vasitəsilə öz niyyətlərini həyata keçirməyə çalışırlar.

Qondarma qurumu tanımaqla bağlı qətnaməni irəli sürənlərin nəzərinə Ali Baş Komandan, Prezident İlham Əliyevin "Əl-Ərəbiyə" kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirləri bir daha xatırlatmaq yerinə düşər. Ölkə başçısı müsahibəsində bildirmişdi ki, əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər: "Marsel şəhərində ermənilərə Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları, Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçular barədə danışmağa başlasaq, düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar".