"Azərbaycanın anında reaksiya verməsi helikopterin vurulması ilə bağlı üzrxahlığı qəbul etməmizə imkan verdi”.
Məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu, həqiqətən fəlakətdir, faciədir, iki hərbçimiz həlak olub, bu, əlbəttə ki, bütün hərbi komandirlərimiz və silahlı qüvvələrdə xidmət edən bütün insanlarımız və bütün vətəndaşlar üçün ağrıdır. Azərbaycanlıların ani reaksiyası, Azərbaycan Prezidentinin ani reaksiyası və Azərbaycanın vəziyyəti qərəzsiz araşdırmağa və təqsirkarları cəzalandırmağa hazır olduğunu elan etməsi bizə bu üzrxahlığı qəbul etməyə imkan verdi", - deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, noyabrın 9-da Ermənistanın Azərbaycan sərhədi yaxınlığındakı ərazisində Rusiyaya məxsus “Mi-24” helikopteri vurulub, nəticədə iki pilot həlak olub, biri yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı dərhal bəyanat yayaraq bildirib ki, helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuşu həyata keçirib. Uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib. Bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib.
Qeyd olunan amilləri və bölgədəki gərgin vəziyyəti, habelə erməni tərəfinin mümkün təxribatları ilə əlaqədar yüksək döyüş hazırlığını nəzərə alaraq, növbətçi hərbi bölüm tərəfindən atəşin açılması qərarı verilib.
Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfinə üzrxahlığını bildirib.
Azərbaycan tərəfi həlak olan ekipaj üzvlərinin ailələrinə də başsağlığı verib, xəsarət alanların tezliklə sağalmalarını diləyib.
Azərbaycan müvafiq kompensasiyanın ödənilməsinə hazır olduğunu da bəyan edib.