Rəsmi Bakı Qarabağda Ermənistanın tərəfində döyüşmüş muzdluların siyahısını Moskvaya təqdim edib. Bunu Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu deyib.
"Dağlıq Qarabağ münaqişəsi ətrafında guya Azərbaycanın tərəfində muzdluların döyüşməsi ilə bağlı çoxlu spekulyasiyalar gedir. Nə Sergey Narışkin, nə də Sergey Lavrov muzdluların sayından danışarkən, onların kimin tərəfində döyüşdüklərini bir dəfə də deməyiblər", - deyə səfir bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Bakı Qarabağda Ermənistanın tərəfində döyüşmüş muzdluların siyahısını Moskvaya təqdim edib.
P.Bülbüloğlu guya Suriya döyüşçülərinin Azərbaycan tərəfində döyüşməsi ilə bağlı yayılmış videoçarxları şərh edərək vurğulayıb ki, bu, Azərbaycana qarşı yönəlmiş, heç bir real təsdiqi olmayan saxta videolardan başqa bir şey deyil.
"Hələ ki, heç bir sübut yoxdur. Çoxlarından fərqli olaraq, mən4 dünən Ermənistan ərazisində fəaliyyət göstərən terror təşkilatlarının, muzdluların ad və soyadlarının əks olunduğu sənədi Rusiyanın məsul orqanlarına təhvil verilməsi üçün imzalamışam", - deyə diplomat qeyd edib.