Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Azərbaycan Prezidenti Rusiya Hərbi Hava Qüvvələrinin helikopterinin Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan sahəsində vurulması ilə bağlı faciə ilə əlaqədar başsağlığı verib.
Fins.az Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı İlham Əliyev bu faciəli təsadüfə görə üzrxahlıq edərək bildirib ki, günün qaranlıq vaxtında həmin helikopter Ermənistan hərbi hava qüvvələrinin helikopteri hesab edilib.
Dövlətimizin başçısı həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verilməsini xahiş edib, xəsarət almış pilotun tezliklə sağalmasını arzu edib.
Prezident İlham Əliyev Azərbaycan tərəfinin həlak olmuş və xəsarət almış pilotların ailələrinə kompensasiya ödəməyə hazır olduğunu bildirib.
Prezident İlham Əliyev Prezident Vladimir Putinə bildirib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu fakt üzrə cinayət işi qaldırılıb, təhqiqat aparılır. Təqsirkarlar cəzalandırılacaq və bu barədə Rusiya tərəfi məlumatlandırılacaq.
Prezident Vladimir Putin telefon zənginə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, belə insidentlərin yolverilməz olduğunu qeyd edib.
Tərəflər gələcəkdə belə hallara yol verilməyəcəyinə əmin olduqlarını bildiriblər.