İlham Əliyev: Torpaqlarımızı Azərbaycan əsgəri, Azərbaycan zabiti azad edir. Eşq olsun bizim əsgərlərimizə
"Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq".
Fins.az-ın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində ordu quruculuğundan danışarkən söyləyib.
“Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda, mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim fəaliyyətimiz. Ordu quruculuğu, hərbçilərin maddi-məişət problemlərinin həlli, təqaüdə çıxmış hərbçilərin məişət problemlərinin dövlət tərəfindən həll olunması, onlara mənzillərin verilməsi, hərbçilərimizin iş şəraitinin yaxşılaşdırılması. Biz demək olar ki, bütün hərbi şəhərciklərimizi, hərbi bazalarımızı yenidən qurduq və onlar ən yüksək standartlara cavab verir. Əlbəttə, ilk növbədə, döyüş qabiliyyəti. Döyüş qabiliyyəti artdı. Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlar bütün dünyaya bizim gücümüzü göstərdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Döyüş qabiliyyətinin artırılmasının ordu quruculuğunda əsas amil olduğunu bildirən Müzəffər Ali Baş Komandan deyib: “Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!”.