Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Fins.az xəbər verir ki, məlumatda deyilir:
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti yanlış təqdim etmək məqsədilə Ermənistanın dövlət təbliğatı ənənəvi olaraq saxta xəbərlərin hazırlanması və yayılması ilə fəal şəkildə məşğul olur. Bu qarayaxma kampaniyasının əsas məqsədi beynəlxalq ictimaiyyəti aldatmaq və beynəlxalq hüququn norma və prinsiplərinə, habelə BMT-nin Təhlükəsizlik Şurası daxil olmaqla, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq çoxsaylı qərarlara əsaslanan Azərbaycanın ədalətli mövqeyinə xələl gətirməkdən ibarətdir.
Bununla əlaqədar xatırladırıq ki, 30 ilə yaxın bir müddətdə Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququ, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Azərbaycana qarşı silahlı təcavüz həyata keçirir. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğalı doğma yurdundan qovulmuş 1 milyona yaxın azərbaycanlının etnik təmizlənməsi, işğal olunmuş ərazilərdə özəl və dövlət əmlakının mənimsənilməsi, bu ərazilərdə Azərbaycanın tarixi və mədəni irsinin məhv edilməsi, ələ keçirilmiş torpaqlarda təbii sərvətlərin və iqtisadi potensialının qeyri-qanuni istismarı və talan edilməsi, etnik ermənilərin bu ərazilərə qeyri-qanuni məskunlaşdırılması və qanunsuz infrastruktur dəyişikliklər ilə müşayiət olunur.
30 ilə yaxın siyasi həll prosesi, habelə Azərbaycanın bu prosesə sadiqliyindən sui-istifadə edən Ermənistan, bu torpaqların ilhaq edilməsi məqsədilə Azərbaycan ərazilərinin işğalı nəticələrini möhkəmləndirmək üçün ardıcıl addımlar atıb.
Qeyri-qanuni güc tətbiqi nəticəsində yaranmış status-kvonu rədd edən siyasi həllin əleyhinə olan, bu prosesə xələl gətirən təxribat xarakterli bəyanat və hərəkətlərə əl atan Ermənistan, Azərbaycanın bütün cəbhə boyu əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri və hərbi mövqelərini atəşə tutmaqla 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı. Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatı keçirməyə məcbur edildi.
Bu xüsusda, bir daha aşağıdakıları bildiririk:
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qorumaq, habelə öz vətəndaşlarının mühafizəsini və təhlükəsizliyini təmin etmək məqsədilə fəaliyyətini özünümüdafiə çərçivəsində və Azərbaycanın suveren ərazisində aparır;
Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə əməliyyatı yalnız beynəlxalq humanitar hüquq çərçivəsində aparılır, eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə sıx əməkdaşlıq həyata keçirilərək, beynəlxalq humanitar hüquq üzrə bütün öhdəliklərə ciddi riayət olunur;
Azərbaycan Respublikasının Silahlı Qüvvələri mülki şəxslərə, o cümlədən erməni əsilli Azərbaycan vətəndaşlarına qarşı mübarizə aparmır və işğal altındakı ərazilərdə mülki əhalini və mülki infrastrukturu hədəfə almır;
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qadağan edilmiş heç bir silah və sursat olmadığı üçün ondan istifadə edilə bilməz.
Vurğulayırıq ki, Ermənistan Azərbaycan ərazilərini işğal edərək beynəlxalq ictimaiyyətin tələblərini, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsini (822, 853, 874 və 884) pozaraq, bu ərazilərdən çıxmaqdan imtina edir. Döyüş meydanında Azərbaycan Silahlı Qüvvələri tərəfindən aldığı ağır məğlubiyyətin əvəzini çıxmaq məqsədi ilə Azərbaycanın böyük mülki yaşayış məntəqələrini, o cümlədən cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə, Bərdə və Tərtər kimi şəhərlərini ballistik və kasetli sursatlar da daxil olmaqla, ağır artilleriya və raketlərlə qəsdən hədəfə alaraq amansız terror taktikasına əl atıb. Nəticədə, aralarında 10 uşaq və 27 qadın olmaqla 92 mülki şəxs həlak olub, həmçinin uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 404 mülki şəxs ağır yaralanıb. Tibbi və təhsil müəssisələri də daxil olmaqla, mülki infrastruktura, həmçinin vacib dövlət infrastrukturuna və xüsusi mülkiyyətə ciddi ziyan vurulub. Üç dəfə humanitar atəşkəsin elan edilməsi də Ermənistanın mülki şəxslərə qarşı terror hücumlarını dayandırmayıb.
Ermənistanın mülki əhaliyə və mülki infrastruktura qarşı hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə bərabər olan bu qəddar hücumlarına dair faktlar Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Beynəlxalq Qırmızı Xaç Komitəsi, “Human Rights Watch”, “Amnesty International” kimi beynəlxalq qurumlar və strukturlar və xarici media nümayəndələri vasitəsilə də daxil olmaqla, beynəlxalq ictimaiyyətə təqdim edilib.
Xatırladırıq ki, yüksək səviyyəli Ermənistan rəsmilərinin açıq bəyanatlarına əsasın, hərbi əməliyyatlar başlayandan bəri Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan ermənilərin əksəriyyəti bu əraziləri tərk edərək, Ermənistana köçüblər. Azərbaycan tərəfi dəfələrlə ərazidə qalanlara hərbi obyektlərdən uzaq durmağa və hərbi əməliyyatlarda iştirak etməkdən çəkinməyə çağırışlar edib, çünki bu, onların mülki statusuna xələl gətirərək, onları döyüşçü statusuna çevirə bilər. Bundan əlavə qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinə qarşı apardığı hərbi əməliyyatlarda muzdlulardan və xarici terrorçu döyüşçülərdən istifadə etdiyi, o cümlədən müxtəlif beynəlxalq media mənbələri tərəfindən geniş sənədləşdirilib.
Ermənistan, hərbi cinayətləri və insanlığa qarşı cinayətləri meydana gətirən yuxarıda qeyd olunan qanunsuz əməllərini ört-basdır etmək üçün beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi ilə həyasızcasına Azərbaycanı eyni ittihamla günahlandırır və bu məqsədlə kütləvi saxta xəbər kampaniyasını aparır. Ermənistanın öz iddialarını əsaslandırmaq üçün təqdim etdiyi video və foto materiallarının peşəkar təhlili bunların hamısının əvvəlcədən hazırlanmış saxtalaşdırmalardan başqa bir şey olmadığını sübut edir.
Azərbaycan tərəfi Ermənistanın bu əsassız ittihamlarını bir daha qətiyyətlə rədd edir və beynəlxalq ictimaiyyətə müraciət edərək, Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyası ilə cinayətlərini ört-basdır etmək cəhdlərinə qarşı diqqətli olmalarını xahiş edir.
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının mövqeyi hər zaman ardıcıl olub və beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanır. Azərbaycan həmişə onların həyata keçirilməsi üçün ATƏT-in Minsk Qrupu formatında danışıqlara hazır olduğunu bildirib.