QARABAĞ

05 Noyabr

Prezident Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı halda reaksiyasının necə olacağını açıqlayıb

“Onlar müstəqilliyi tanımaq istəsəydilər, uzun müddət bundan öncə tanıyardılar. Nəyə görə əvvəl tanımadılar? Çünki onlar aydın başa düşürdülər ki, bu, çox məntiqsiz addım nəticəsində danışıqlar tamamilə dayanacaqdır. Odur ki, onlar bunu etsələr, danışılası bir şey qalmayacaq. Sonra nə sülh təşəbbüsü, nə əsas prinsiplər, nə də gələcək tənzimləmə, heç nə masa üzərində olmayacaq. Hesab edirəm ki, onlar bunu başa düşürlər”.

Fins.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı halda, buna reaksiyasının necə olacağına dair suala cavabında deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, onlar həmişə bundan bizi qorxutmaq üçün bir alət kimi istifadə etmək istəyirdilər və deyirdilər Azərbaycan bunu etsə, biz müstəqilliyi tanıyacağıq: “Mən bu müharibə günlərində dəfələrlə demişəm və indi də deyirəm, Ermənistanın baş naziri, bu gün Dağlıq Qarabağı tanı, bunu et, cəsarətini göstər, sözünün bir məna daşıdığını göstər, bu gün Dağlıq Qarabağı tanı. Yenə də siz görəcəksiniz ki, onlar bunu etməyəcəklər. Çünki onlar qorxaqdırlar, onlar yalnız dinc vətəndaşlara qarşı vuruşa bilirlər və onlar gücümüzü, birliyimizi görüb qaçırlar”.