QARABAĞ

23 Oktyabr

Prezident şəhid olan Milli Qəhrəmanın atasına zəng vurdu

Cümə günü Azərbaycan prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidovla telefonla danışıb. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat verir.

“Prezident Şükür Həmidovun həlak olması ilə bağlı başsağlığı verib, qeyd edib ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı (2016-cı il - İF) göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş və Azərbaycan Prezidenti şəxsən özü ona qəhrəman ulduzunu təqdim etmişdi. Dövlət başçısı qeyd edib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur”, - məlumatda qeyd olunur.

Nəriman Həmidov dövlət başçısına təşəkkürünü bildirərək Azərbaycan xalqının Ali Baş Komandan kimi onun ətrafında sıx birləşdiyini və bundan sonra da Azərbaycan prezidentinə dəstək olacağına əminliyini ifadə edib.

Öz növbəsində, İ.Əliyev Şükür kimi igid və vətənə sadiq övlad yetişdirdiyinə görə Nəriman Həmidova minnətdarlığını bildirib, Həmidovlar ailəsinin bütün yaxınlarına başsağlığı çatdırmağı xahiş edib