Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.
Fins.az xəbər verir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Oktyabrın 19-u səhər saatlarından başlayaraq düşmən rayon ərazisinə 300-ə yaxın top mərmisi atıb.
Ermənilərin dinc sakinləri hədəfə alaraq ağır artilleriya vasitəsilə atdığı top mərmiləri nəticəsində ümumilikdə 3 ev tamamilə dağılıb, 15 evə külli miqdarda ziyan dəyib.
Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.
Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Ələsgərli kənd sakini, 1962-ci il təvəllüdlü Səlimov Niyaz Hüseynalı oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, yaşadığı evə isə ciddi ziyan dəyib.
Xatırladaq ki, Tərtər rayonu ərazisində düşmən tərəfindən atılan top mərmisi nəticəsində ümumilikdə 14 nəfər ölüb, 53 nəfər yaralanıb.