Düşmən cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib
Fins.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 14-dən 15-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi vəziyyət gərgin olaraq qalıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib.
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksi, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Əldə olunan məlumata əsasən Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub. Düşmənin canlı qüvvəsi, döyüş texnikası, silah-sursat və yanacağı tükənmək üzrədir.
Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.