Oktyabrın 12-də Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında telefon danışığı baş tutub.
Azərbaycan Baş Prokurorluğundan fins.az-a verilən məlumata görə, tərəflər iki ölkə arasında hüquqi əlaqələrin səviyyəsindən məmnunluq ifadə edərək cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində əməkdaşlığı yüksək qiymətləndiriblər.
Baş prokuror Kamran Əliyev 11 oktyabr tarixində gecə saatlarında erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan, döyüş bölgəsinə aidiyyəti olmayan və xeyli uzaqda yerləşən Gəncəyə və onun dinc sakinlərinə qarşı törədilən terror aktı barədə rusiyalı həmkarını məlumatlandırıb.
İqor Krasnov yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə etmiş, münaqişənin qısa zamanda beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının vacibliyini vurğulayaraq xalqımıza sülh və əmin-amanlıq arzulayıb.
Baş prokurorlar gələcək əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq bu haqda fikir mübadiləsi aparıblar.