Neftin qiyməti dünya bazarında ucuzlaşıb

OPEC-in 2021-ci il üçün neft xammalına görə tələblə bağlı proqnozu aşağı salmasından sonra dünya bazarlarında neft ucuzlaşıb.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,76% ucuzlaşaraq, 1 bareli 82,24 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 0,69% aşağı düşərək, 1 bareli 81,03 ABŞ dolları təşkil edib.

Dünən OPEC aylıq proqnozunu dərc edib. Sənəddə 2021-ci il üçün dünyada neft tələbi proqnozu gündəlik 5,8 milyon barel deyil, 5,7 milyon barel olaraq göstərilib. 2022-ci il üçün gündəlik 4,2 milyon barel artım proqnozu olduğu kimi saxlanılıb.

ABŞ dollarının möhkəmlənməsi də neftin qiymətinə mənfi təsir göstərir. Belə ki, həftə ərzində ABŞ dollarının məzənnəsi digər valyutalara nisbətdə 1%-dək artıb. Bu isə digər valyutalarda satınalmalar zamanı xammalı, o cümlədən nefti daha az əlçatan edir.

Bundan başqa, ABŞ-ın “Baker Hughes” şirkətinin açıqladığı aylıq statistikada bu həftə ABŞ-da aktiv neft buruqlarının sayının 6 ədəd azalaraq, 450-yə düşməsi göstərilir.

SHARE THIS STORY

FacebookTelegramTwitter