MÜSAHİBƏ

16 Oktyabr

“PAŞA Sığorta”nın İdarə Heyətinə yeni təyinat baş tutub

PAŞA Sığorta şirkətində yeni təyinat baş tutub. Belə ki, Rüstəm Məmmədov şirkətin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

Rüstəm Məmmədov sığorta sektorunda 9 ildən artıq, ümumilikdə isə marketinq və biznesin inkişafı sahəsində 15 ilə yaxın təcrübəyə malikdir. O, 2016-cı ildən etibarən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərərək mühüm layihələrə rəhbərlik edib. 2018-ci ilin yanvar ayından bu günədək  isə İdarə Heyətinin üzvü və Baş Əməliyyat İnzibatçısı vəzifəsini icra edib.

Rüstəm Məmmədov 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr dərəcəsini, 2008-ci ildə İstanbul Universiteti İctimai Elmlər İnstitutunda Marketinq ixtisası üzrə magistr dərəcəsini, 2015-ci ildə isə İspaniyanın IE Business School ali təhsil müəssisəsində Executive MBA (Master of Business Administration) proqramını bitirib.

O, sığorta sahəsindəki dərin bilik və idarəetmə təcrübəsi ilə “PAŞA Sığorta”nın strateji inkişafına və şirkətin bazar liderliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “AM Best” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini "BBB", maliyyə dayanıqlılığı reytinqini "B++", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib.