Forumda fintex şirkətləri bir araya gələrək AniPay və Hökumət Ödəniş Portalının imkanları, eləcə də QR və digər innovativ rəqəmsal həlləri müzakirə ediblər.
Finss.az xəbər verir ki, 3 sentyabr 2025-ci il tarixində Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Fintex Assosiasiyasının (AzFina) və PashaPay-in birgə təşkilatçılığı ilə “Fintex Üfüqləri Forumu” keçirilib. Forum, ölkənin fintex ekosistemində aparıcı şirkətləri bir araya gətirərək, AniPay (Ani Ödənişlər Sistemi – AÖS) və Hökumət Ödəniş Portalının, o cümlədən QR ödənişlərin imkanları, rəqəmsal transformasiya istiqamətləri və maliyyə xidmətlərinin gələcəyi üzrə müzakirə platforması təqdim edib.
Forumun əsas məqsədi rəqəmsal ödənişlərin tətbiqini sürətləndirmək və maliyyə texnologiyalarında innovasiyanı stimullaşdırmaq olub. 2024-cü ildə nağdsız əməliyyatların 66% artması, AniPay-in ölkənin rəqəmsal iqtisadiyyatındakı önəmini daha da aktuallaşdırıb.
Tədbir çərçivəsində iştirakçılar AÖS infrastrukturu üzərində qurulmuş innovativ ödəniş məhsulları, yeni tənzimləmə tələblərinə uyğun xidmət modelləri və 24/7 fəaliyyət göstərən sistemlərə əsaslanan biznes həlləri üzərində işləyiblər. Məqsəd — mövcud texnologiyanı daha effektiv istifadə etməklə, real bazar ehtiyaclarına cavab verən praktik modellər hazırlamaq olub. Uğurlu həllər təklif edən komandalara sertifikatlar təqdim olunub.















