Finss.az - BƏƏ-yə məxsus CFI Financial İnvestisiya Şirkəti 2025-ci ilin ilk yarısında Azərbaycanda 2,95 milyon manat zərər edib. Şirkətin iri xərcləri gəlirləri üstələyib.
Finss.az – Birləşmiş Ərəb Əmirliklərinə məxsus “CFI Financial Group”un Azərbaycanda fəaliyyət göstərən törəməsi “CFI Financial İnvestisiya Şirkəti” QSC 2025-ci ilin ilk yarısında iri həcmli zərər açıqlayıb.
Audit hesabatına görə, şirkət yanvar–iyul aylarında 2,95 milyon manat zərər ilə işləyib. Halbuki, ötən il “AzFinans İnvestisiya Şirkəti” adı altında fəaliyyət göstərərkən analoji dövrdə cəmi 354 min manat xalis zərər etmişdi.
Nəticədə, şirkətin balansındakı yığılmış mənfəət həcmi 703 min manata enib. Zərərin əsas səbəbi kimi gəlirlərin kiçik, xərclərin isə yüksək həcmdə olması göstərilir. Cari ilin ilk yarısında şirkət:
-
1,66 milyon manat marketinq,
-
553 min manat əlavə xərc,
-
677 min manat işçi xərci edib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə işçi xərcləri 361 min manat idi.
Buna baxmayaraq, şirkətin investisiya xidmətləri reklamları müəyyən müddət küçə lövhələrində və onlayn platformalarda görünsə də, fəaliyyətini tam gücü ilə genişləndirmədiyi bildirilir.
Öncəki ilin ilk 6 ayında şirkət əsas investisiya xidmətindən 478 min manat, yardımçı fəaliyyətindən isə 727 min manat gəlir əldə etmiş, 2024-cü ili isə 971 min manat xalis zərərlə başa vurmuşdu.
Xatırladaq ki, **“AzFinance Investment Şirkəti” 2024-cü ilin avqustunda “CFI Financial Group”a satıldıqdan sonra rebrendinq edərək “CFI Financial İnvestisiya Şirkəti” adını alıb.