Finss.az - Dünya Qızıl Şurasının (World Gold Council, WGC) iyun ayı üzrə ilkin hesablamalarına əsasən, qlobal mərkəzi banklar öz qızıl-valyuta ehtiyatlarında qızılın həcmini 22 ton artırıblar.
WGC-nin analitiki Krişan Qopaul bildirib ki, satınalmalar ardıcıl üçüncü ay artım trendindədir. Bununla belə, 2025-ci ilin ilk yarısı üzrə ümumi göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə bir qədər zəifdir — bu il təxminən 123 ton, ötən il isə 130 ton təşkil edib.
İyun ayında ən çox qızıl alan ölkələr bunlar olub:
-
Özbəkistan – 9 ton
-
Qazaxıstan – 7,4 ton
-
Türkiyə – 2,3 ton
-
Çin – 2,2 ton
-
Çexiya – 1,6 ton
-
Qırğızıstan – 1,2 ton
Digər mərkəzi bankların alışı 1 tondan az olub.
Bununla yanaşı, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hesabat dövründə qızıl ehtiyatlarını 15,8 ton artırıb, lakin bu göstərici rüblük olduğundan WGC-nin aylıq statistikasında əks olunmayıb.
Satış həcmi baxımından lider isə Sinqapur Bankı olub – bu bank iyun ayında 5,6 ton qızıl satıb.