Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyədəki STAR Neft Emalı Zavodunda 2025-ci ilin may ayında nafta istehsalı 15,7% artaraq 137 022 ton olub.
Finss.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsi (EPDK) məlumat yayıb.
Məlumata görə, ötən ilin may ayında zavodda 118 392 ton nafta istehsal olunub.
Bununla yanaşı, 2025-ci ilin mayında STAR zavodu tərəfindən 796 302 ton xam neft idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% azalma deməkdir. Belə ki, 2024-cü ilin mayında zavod 973 110 ton xam neft idxal edib.
SOCAR-ın Türkiyədəki əsas sənaye obyektlərindən biri olan STAR Neft Emalı Zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib. Zavodun illik xam neft emalı gücü 2024-cü ilin sonundan etibarən 13 milyon tona çatdırılıb.
STAR zavodunda dizel, nafta, aviasiya yanacağı və digər mühüm neft məhsulları istehsal olunur. İllik nafta istehsalı isə əsasən Petkim neft-kimya kompleksinin xammal tələbatını ödəməyə yönəlib.
Zavod Türkiyə iqtisadiyyatının real sektorunda həyata keçirilmiş ən iri investisiya layihələrindən biri hesab olunur və həm Azərbaycan, həm də Türkiyə üçün strateji əhəmiyyət daşıyır.
Fuad Mədətov
Finss.az