MÜSAHİBƏ

25 İyul

Rusiyada bankların yarısı mənfəət itkisi ilə üzləşib

Finss.az - 2025-ci ilin ilk yarısında Rusiyanın bank sektorunda fərqli dinamika müşahidə olunub.

RBK-nın apardığı təhlilə əsasən, aktivləri üzrə ilk 100-lüyə daxil olan banklardan 48-i ötən ilin eyni dövrü ilə müqayisədə mənfəətini azaldıb. Halbuki, 2024-cü ildə bu göstərici cəmi 33 banka aid idi.

Buna baxmayaraq, ümumi mənzərə müsbət qalır. Rusiya Bankının məlumatına görə, yanvar-iyun aylarında bank sektorunun ümumi mənfəəti 1,7 trilyon rubl təşkil edib. Bu məbləğin 81%-i sistem əhəmiyyətli bankların payına düşür. PSB istisna olmaqla, liderlik “Sber” bankına məxsusdur – 826,6 milyard rubl mənfəət ilə sektorun yarısına yaxınını təmin edib.

Eyni zamanda, Sovkombank (−85,8%), Qazprombank (−42,7%), T-bank və Rosselxozbank kimi böyük oyunçular mənfəətdə ciddi azalma qeydə alıblar. 15 bank isə ümumiyyətlə yarım ili zərərlə başa vurub – bunlara Poçt Bankı (−7,2 mlrd rubl) və “Tavriçeskiy” bankı (−38 mlrd rubl) daxildir.

Özəl banklar arasında diqqətçəkən nəticələr var: Alfa-Bank mənfəətini ikiqat artıraraq 138,2 milyard rubl əldə edib, Eksbobank (+760%) və Tsentrokredit (+400%) isə daha kəskin artım nümayiş etdiriblər.

Rəqəmsal ekosistemlərlə bağlı banklar da yüksək dinamika göstərir. Wildberries Bank mənfəətini 5 dəfə, Ozon Bank 2 dəfə artırıb. Yandex Bank isə əvvəlki zərərdən sonra bu il mənfəətə keçib.

Xarici kapitallı bankların göstəriciləri daha mülayim olub: Raiffeisenbank 17,8%, Unicredit isə 33,7% artım qeyd edib. Digər tərəfdən, Çin və dost ölkələrə bağlı bəzi banklar – o cümlədən China Construction Bank – mənfəətlərini ikiqat artırsa da, artım templəri zəifləyib.

Ekspertlər maliyyə göstəricilərində ümumi nikbinliyə baxmayaraq, bankların rentabelliyində azalma qeydə alırlar. Bu, əsasən iqtisadi artımın zəifləməsi və yüksək faiz dərəcələrinin davam etməsi ilə izah olunur. Analitiklər ikinci yarımildə bank sektorunda 15–25% arası mənfəət azalması ehtimalını da istisna etmirlər.