Finss.az - 2025-ci ilin ilk yarısında Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) ümumilikdə 13,2 milyon manat xalis zərərlə fəaliyyət göstərib.
Halbuki ötən ilin eyni dövründə bu sektor 76,6 milyon manat xalis mənfəət əldə etmişdi.
Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən, hesabat dövründə BOKT-ların əməliyyat gəlirləri 26,2% artaraq 218,2 milyon manata, əməliyyat xərcləri isə 93,7% artaraq 149,5 milyon manata çatıb. Xüsusi ehtiyatlara ayırmalar isə kəskin şəkildə – 26,5 dəfə artaraq 76,8 milyon manat təşkil edib.
Gözlənilməz gəlirlər 0,2 milyon manat səviyyəsində dəyişməz qalsa da, mənfəət vergisi ödənişləri 3,1 dəfə azalaraq 5,3 milyon manat olub.
Bu il iyulun 1-nə olan vəziyyətə görə BOKT-ların ümumi aktivləri 12,8% artaraq 963,4 milyon manata yüksəlib. Bunun 671,8 milyon manatı müştərilərə verilmiş xalis kreditlərin payına düşür ki, bu da illik müqayisədə 6,5% artım deməkdir.
Eyni dövrdə sektorun öhdəlikləri 6,8% artaraq 512,5 milyon manata, balans kapitalı isə 20,5% artaraq 450,8 milyon manata çatıb. Nizamnamə kapitalında isə 28,7%-lik artımla 272,2 milyon manatlıq göstəriciyə nail olunub.