MÜSAHİBƏ

25 İyul

Azərbaycanda bankların filial və ATM-lərinin sayı artıb

2025-ci ilin iyun ayının sonuna Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 496, şöbələrinin sayı 86, ATM-lərin sayı isə 3 355 olub.

Azərbaycan Mərkəzi Bankından əldə olunan məlumata görə, hesabat ayında bank sektorunda çalışanların sayı 0,4% və ya 106 nəfər artaraq 26 071 nəfərə çatıb.

Fəaliyyətdə olan bankların cəmi aktivləri 56,734 milyard manat, cəmi öhdəlikləri 49,788 milyard manat, balans kapitalı isə 6,946 milyard manat təşkil edib. İyun ayında bankların cəmi aktivləri 0,3%, cəmi öhdəlikləri 0,2%, balans kapitalı isə 1,3% artıb.

Bankların kredit portfeli 0,3% və ya 85,6 milyon manat artaraq 28,472 milyard manata yüksəlib. Kredit portfelinin strukturu üzrə biznes kreditləri 53,2% (15,144 milyard manat), istehlak kreditləri 31,3% (8,898 milyard manat), ipoteka kreditləri isə 15,5% (4,430 milyard manat) təşkil edib.

Öhdəliklərdə depozit portfeli cəmi öhdəliklərin 75%-ni, yəni 37,353 milyard manatını təşkil edir. Depozit portfelinin 59,7%-i (22,293 milyard manat) hüquqi şəxslərin, 40,3%-i (15,061 milyard manat) isə fiziki şəxslərin depozitlərindən ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin 67%-i (10,096 milyard manat) milli valyutada, 33%-i (4,965 milyard manat) isə xarici valyutadadır. Onların əmanət portfelinin 62,5%-i (9,408 milyard manat) müddətli əmanətlərdən ibarətdir. İyun ayında fiziki şəxslərin müddətli əmanətləri 2,3% (209,6 milyon manat), tələbli əmanətləri isə 2,1% (116,9 milyon manat) artıb.

2025-ci ilin iyun ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1,9% (3 112 əmanətçi), ilin əvvəlindən isə 11,7% (17 654 əmanətçi) artıb.

Hüquqi şəxslərin tələbli depozitləri 17,048 milyard manat olub və hüquqi şəxslərin cəmi depozit portfelinin 76,5%-ni təşkil edib.

Yanvar-iyun aylarında bankların xalis mənfəəti 576,6 milyon manat, əməliyyat mənfəəti isə 881 milyon manat olub. Hesabat dövründə banklar 134,1 milyon manat məbləğində mənfəət vergisi ödəyiblər.

Fuad Mədətov
Finss.az