MÜSAHİBƏ

24 İyul

Avropa İttifaqının Azərbaycanda investisiya vektoru qeyri-neft sektorlarına doğru istiqamət alır

Finss.az - Avropa İttifaqı (Aİ) ölkələrinin investorlarının 70 %-dən çoxu Azərbaycanda fəaliyyətini genişləndirməyi, daha 22 %-i isə hazırkı səviyyədə davam etdirməyi planlaşdırır.

Bu barədə “Report” Aİ-nin 2024-cü il üçün Azərbaycanda biznes mühiti haqqında icmalına istinadən xəbər verir.

Sənədə əsasən, iqtisadiyyata həm mənfi, həm də müsbət təsir göstərən geosiyasi gərginliyə baxmayaraq, Aİ investorlarının Azərbaycana marağı artır. Belə ki, investisiya qoyuluşu üçün yenidən ölkəni seçənlərin payı 2021-ci ildəki 80 %-dən (əvvəlki sorğuya əsasən) 2024-cü ildə 92 %-ə yüksəlib.

Neft-qaz, mədən sənayesi kimi ənənəvi sahələr daha çox sadiqlik nümayiş etdirir. Eyni zamanda, genişlənmə üzrə ən iddialı planlar bərpa olunan enerji, tikinti və informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorlarında qeydə alınıb.

"2021-2024-cü illərdə Azərbaycanda biznes mühiti dayanıqlı makroiqtisadi vəziyyət fonunda formalaşıb. Xarici ticarətdə güclü mövqelər və büdcə profisiti sabitliyə töhfə verib. Neft-qaz sektoru mühüm rol oynamağa davam etsə də, ölkə şaxələndirməni fəal şəkildə təşviq edir - diqqət "yaşıl enerji”, kənd təsərrüfatı, turizm və İKT-yə yönəldilir", - icmalda qeyd olunub.

Tikinti sektoru 2022-2023-cü illərdə fəal inkişaf edib, bu prosesdə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasına irimiqyaslı dövlət investisiyalarının yönəldilməsi də rol oynayıb. 2024-cü ildə artım tempi yavaşlasa da, fəallıq yüksək olaraq qalır.

Birbaşa xarici investisiyaların böyük hissəsi əvvəlki kimi mədən sənayesinə cəlb edilir. İKT sektoru genişlənir, lakin artım tempi azalıb. Geosiyasi dəyişikliklər şəraitində nəqliyyat və logistika strateji əhəmiyyət kəsb edir, alternativ marşrutların rolu güclənib.

Bərpa olunan enerji sektoru dekarbonizasiya üzrə dövlət siyasəti sayəsində nəzərəçarpan artım nümayiş etdirir. 2030-cu ilə qədər Azərbaycan enerji balansında "yaşıl enerji”nin payını 35,5 %-ə çatdırmaq niyyətindədir. Bununla yanaşı, ölkə Xəzər-Qara dəniz enerji dəhlizi kimi layihələr çərçivəsində elektrik enerjisi ixracını inkişaf etdirir.

Kənd təsərrüfatı sektorunda, əvvəlki çətinliklərə baxmayaraq, artıq sabitlik hökm sürür. Bu gün sektorun dayanıqlılığına və rəqabət qabiliyyətinin artırılmasına diqqət yetirilir.

Hesabatın müəllifləri vurğulayırlar ki, Azərbaycanda əlverişli biznes mühiti strateji coğrafi mövqe, nəqliyyat və iqtisadi əlaqələrin inkişafı, siyasi və sosial sabitlik, iqtisadi siyasətin proqnozlaşdırılması mümkünlüyü kimi amillərlə şərtlənir.

İnvestorlar üçün cəlbediciliyin əsas amilləri daxili bazara çıxış, strateji tərəfdaşlıqlar və alyanslar, regional bazarlara və azad ticarət zonalarına çıxış hesab olunur. Hesabatın müəlliflərinin fikrincə, xərclərin səmərəliliyi, vergi güzəştləri, rəqəmsal infrastrukturun inkişafı və rəqəmsal dövlət xidmətlərinin müsbət qiymətləndirilməsi də əlavə üstünlüklərdir.

Hökumətin atdığı son addımlar arasında investisiyalar haqqında yeni qanunun qəbul edilməsi və vergi güzəştləri hesabına investisiya mühitinin yaxşılaşdırılması, həmçinin biznes fəaliyyətinin stimullaşdırılmasına yönəlmiş islahatlar qeyd olunur.

Hesabatda Azərbaycanın Avropa və Asiya arasında ən mühüm tranzit marşrutu olan Orta Dəhlizdəki roluna xüsusi diqqət yetirilir. Eyni zamanda, rəqabət qabiliyyətinin artırılması üçün infrastrukturun daha da inkişaf etdirilməsi, rəqəmsallaşdırma və bürokratik maneələrin azaldılmasının zəruriliyi vurğulanır.

"Yaşıl biznes”in və dayanıqlı təcrübələrin inkişafı da BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq Azərbaycanın prioritetləri sırasına daxil edilib. "Hökumət stimullaşdırıcı tədbirlər - maliyyə və tənzimləyici alətlər, vergi güzəştləri və insan kapitalına investisiyalar vasitəsilə biznesə dəstəyi gücləndirmək niyyətindədir", - hesabatda qeyd olunub.