MÜSAHİBƏ

23 İyul

Gilas bağlarının sahiblərinə 140 min manata yaxın sığorta ödənişi edilib

Finss.az - Sığortalanan əkin sahələrinin və əhatə olunan sığorta təminatının böyüməsi nəticəsində gilas bağlarından toplanan sığorta haqqının məbləği də artıb.

Aqrar Sığorta Fondunun məlumatına görə, 2024-cü ildə sığortalanan gilas bağları üzrə sığorta haqqı 58 min manat təşkil edib. Qanunvericiliyə əsasən, bu məbləğin 50 faizi dövlət tərəfindən qarşılanır və fermerlər gilas bağlarının sığortası üzrə cəmi 29 min manat sığorta haqqı ödəyiblər. 2025-ci ildə isə sığortalanan gilas bağlarının sahəsinin genişlənməsi və məhsul həcminin artması ilə bağların sığortası üzrə ümumi sığorta haqqı 90 min manat təşkil edib. Burada dövlət tərəfindən ödənilən 50 faizlik hissəni nəzərə aldıqda, fermerlərin ödədiyi sığorta haqqı cəmi 45 min manat təşkil edib.

Eyni zamanda 3 bitki – gilas, üzüm və pambıq, yuxarıda sadalanan risklərlə yanaşı, leysan yağışı riskindən də sığorta edilir. Söhbət güclü leysan yağışları zamanı gilas meyvələrinin qabığının partlaması və nəticədə məhsulun zay olması halından gedir.

Sığortalanan bağların artması ilə yanaşı, gilas bağları üzrə sığorta ödənişləri də artmaqdadır. Aqrar Sığorta Fonduna sığortalanan gilas bağlarında müxtəlif hadisələr üzrə müraciətlər daxil olur.

Müraciətlərin araşdırılması üçün ərazilərə aqrar sığorta ekspertləri yönəldilib və onlar gilas bağlarında baş vermiş hadisələri araşdıraraq zərərləri hesablayır, bunun əsasında fermerlərə ödənişlər həyata keçirilir.

Bu hesablamalar əsasında Aqrar Sığorta Fondu tərəfindən 2022-2023-cü illər əkin mövsümündə Xaçmaz, İsmayıllı və Qusar rayonlarında müxtəlif hadisələrdən zərər çəkən gilas bağlarının sahiblərinə 52,8 min manat sığorta ödənişi edilib.

2023-2024-cü illər əkin mövsümündə isə Ağstafa, Samux və Şəmkir rayonlarında baş verən hadisələr üzrə fermer və təsərrüfatlara ümumilikdə 83,8 min manat sığorta ödənişi həyata keçirilib.

Son 2 ildə gilas sahələri üzrə Aqrar Sığorta Fondu tərəfindən ümumilikdə 136,6 min manat sığorta ödənişi edilib.