MÜSAHİBƏ

18 İyul

Prezident tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib

Finss.az - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam Sənaye Parkında “Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsinin açılış mərasimində iştirak edib.

Tədbirdə əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevə Ağdam Sənaye Parkı barədə ətraflı məlumat verdi. Bildirildi ki, 2021-ci il 28 may tarixli Prezident Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam rayonunda 190 hektar ərazidə sənaye parkı yaradılıb. Parkın əsas məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi və regionda məşğulluğun artırılmasıdır.

Ağdam Sənaye Parkının prioritet sahələri arasında tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət, süd, yem və gübrə istehsalı yer alır. Dövlət tərəfindən burada sahibkarlıq üçün əlverişli investisiya mühiti yaradılıb. Parkda fəaliyyət göstərən 30 rezident sahibkar və 4 qeyri-rezident sahibkar 270 milyon manatdan çox ümumi investisiya yatırıb, 650-dən çox daimi iş yeri yaradılıb. İstehsal müəssisələrində çalışanların böyük əksəriyyəti Ağdam və ətraf rayonların sakinləridir. Hazırda sənaye parkında fəaliyyət göstərən müəssisələrin sayı 10-a çatıb.

“Tabaterra” MMC-nin direktoru Elman Cavanşir Prezident İlham Əliyevə müəssisənin fəaliyyəti barədə məlumat verdi. Qeyd olundu ki, 5,5 hektar sahədə yaradılmış tütün məmulatlarının istehsalı müəssisəsinə 58 milyon manat investisiya yatırılıb. MMC “British American Tobacco”, “Japan Tobacco International” və “Imperial Brands” kimi beynəlxalq şirkətlərin brendlərini lisenziya əsasında istehsal edir. Burada 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə məhsul hazırlanır. Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyaları tətbiq olunan müəssisədə 9 istehsal xətti fəaliyyət göstərir. İstehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Özbəkistan və İraq kimi ölkələrə ixrac olunur.

“Tabaterra” MMC sənaye parkının rezidenti kimi vergi, gömrük və digər güzəştlərdən istifadə edir. Hazırda müəssisədə 400 nəfər çalışır. İşçilərin sosial təminatını gücləndirmək məqsədilə şirkət “Ağdam Residence” yaşayış kompleksində 208 mənzilin alınmasına sərmayə yatıraraq əməkdaşlara ödənişsiz təqdim edib.

Keçən il “Tabaterra” MMC qeyri-neft sektorunda ən iri vergi ödəyicisi və qabaqcıl ixracatçı kimi ölkə iqtisadiyyatına mühüm töhfə verib.

Tütün əkininin və emalının təşkili məqsədilə yaradılmış “Tabaterra Leaf” MMC 2021-ci ildə “Azərtütün” ASC-nin özəlləşdirilməsində qalib olub və 15 milyon manat sərmayə ilə infrastrukturun modernləşdirilməsini həyata keçirib. Şirkət Şəki, Qax, Zaqatala və Balakən rayonlarında tütün əkini və emalı ilə məşğul olur, həmçinin tütün qəbulu, emalı məntəqələri və illik 3 min ton istehsal gücünə malik Tütün Emalı Zavoduna malikdir. 2027-ci ildən başlayaraq Qubadlıda 500 hektar tütün əkini üçün əlavə investisiya yatırılması planlaşdırılır.

“Tabaterra” MMC-nin Ağdamda həyata keçirdiyi layihələr işğaldan azad edilmiş ərazilərin iqtisadi canlanmasına, sənaye və kənd təsərrüfatının inkişafına, regionun ixrac potensialının artmasına və məşğulluğun təmin olunmasına mühüm dəstək verir. Bu layihələrin ümumi investisiya dəyəri 79 milyon manatdır.