Finss.az - 2025-ci ilin ilk yarısında “AccessBank” QSC-nin xalis mənfəəti 20,94 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,99% azalma deməkdir.
Bankın mənfəət vergisindən əvvəlki göstəricisi isə 26,11 milyon manatla illik 12,31% geriləmə göstərir. Bu mənfi tendensiya bankın gəlirlərindəki artıma baxmayaraq, xərclərin daha sürətlə yüksəlməsi ilə bağlıdır.
Maraqlıdır ki, “AccessBank” faiz gəlirlərində müsbət dinamika nümayiş etdirmişdir. Faiz gəlirləri 121,34 milyon manat olub və ötən ilin eyni dövrünə nisbətən 12,61%, 2024-cü ilin son rübü ilə müqayisədə isə 34,38% artım qeydə alınıb. Xüsusilə müştərilərə və digər maliyyə institutlarına verilən kreditlərdən əldə olunan gəlirlər yüksəlib.
Lakin, bu müsbət göstəricilər xərclərdəki ciddi artımla balanslaşdırılır. Bankın faiz xərcləri 47,34 milyon manata çataraq illik 15,76%, rüblük isə 37,77% artıb. Depozitlər, Mərkəzi Bank qarşısında öhdəliklər və cəlb edilmiş kreditlər üzrə faiz xərclərində kəskin artım müşahidə olunub ki, bu da bankın maliyyə dayanıqlılığı üçün ciddi risklər yaradır.
Qeyri-faiz gəlirlərində də azalma baş verib: 7,03% enərək 8,04 milyon manata düşməsi, xüsusilə xarici valyuta əməliyyatları və qiymətli kağızlarla bağlı zəif performansla bağlıdır. Bu da bankın gəlir strukturunun zəifliyini ortaya qoyur.
Digər tərəfdən, əməliyyat xərcləri də nəzərəçarpacaq dərəcədə artıb. Qeyri-faiz xərcləri 12,19% yüksələrək 47,79 milyon manat təşkil edib. Əməkhaqqı, inzibati və amortizasiya xərclərinin artması bankın effektiv idarəetmədə çətinliklər yaşadığını göstərir.