Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində güclənən daxili tələbat fonunda avtomobil sənayesi sürətli artım mərhələsinə keçib. 2025-ci ilin ilk yarısında həm istehsal, həm də satış göstəriciləri ikirəqəmli artım nümayiş etdirib.
Finss.az Çin Avtomobil İstehsalçıları Assosiasiyasının (CAAM) məlumatına əsasən xəbər verir ki, yanvar-iyun aylarında avtomobil istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% artaraq 15,62 milyon ədədə, daxili satışlar isə 11,4% artaraq 15,65 milyon ədədə çatıb.
Assosiasiyanın analitiklərinə görə, bazarda müşahidə olunan artıma ölkədəki iqtisadi sabitlik, istehlakı stimullaşdıran proqramlar və ekoloji təmiz avtomobillərə keçidin sürətlənməsi təkan verib. Xüsusilə, elektromobil və hibrid avtomobil istehsalında 41,4%-lik artım (6,97 milyon ədəd), satışda isə 40,3%-lik artım (6,94 milyon ədəd) qeydə alınıb. Nəticədə, ekoloji təmiz avtomobillər ümumi satışın 44,3%-ni təşkil edib.
İxrac göstəriciləri də artım dinamikasını davam etdirib. Çin bu ilin ilk yarısında 3,08 milyon avtomobil ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,4% çoxdur. Ekoloji təmiz avtomobillərin ixracı isə 75,2% artaraq 1,06 milyon ədədə yüksəlib.
Qeyd edək ki, Çin artıq 10 ildir ardıcıl olaraq dünyada elektromobil istehsal və satışında lider mövqedədir. Yalnız ötən il dünya üzrə satılan elektrik avtomobillərinin yarıdan çoxu məhz Çin bazarına məxsus olub. Son iki ildə isə ölkə avtomobil ixracında da qlobal liderliyini qoruyur.
Fuad Mədətov
Finss.az