Zərdab şəhərində abadlıq işlərinin həyata keçirilməsi üçün tender elan olunub.
Finss.az Dövlət satınalmalarının rəsmi internet portalında yerləşdirilmiş məlumata əsasən xəbər verir ki, tender Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən elan edilib. Müsabiqə 114552 nömrəsi ilə qeydiyyata alınıb və “72141100 – İnfrastrukturun qurulması və üzlənməsi, asfaltlanması işləri” təsnifat kodu üzrə aparılır.
Satınalmanın ehtimal olunan dəyəri 472.598,26 manat təşkil edir. Layihə çərçivəsində şəhər ərazisində yol, səki, abadlıq və infrastrukturun təkmilləşdirilməsi işlərinin görülməsi nəzərdə tutulur.
Təkliflərin təqdim olunması və zərflərin açılışı 30 iyul 2025-ci il, saat 17:30-da baş tutacaq.
Tenderdə iştirak etmək istəyən təchizatçılar 350 AZN iştirak haqqı və 25 AZN istifadə haqqı ödəməlidirlər. Qeyd olunub ki, iştirak haqqı yalnız iştirakçıların sayı üçdən az olduğu halda geri qaytarıla bilər. İstifadə haqqı isə heç bir halda geri qaytarılmır.
Maraq göstərən şirkətlər və təşkilatlar daha ətraflı məlumat və sənədlərlə tanış olmaq üçün etender.gov.az portalında müvafiq müsabiqə səhifəsinə daxil ola bilərlər. Bu tender Zərdab şəhərinin abadlaşdırılması və yaşayış mühitinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.
Fuad Mədətov
Finss.az