Finss.az - Taxıl biçininin 58,6%-i başa çatıb.
Azərbaycanda 2024-cü il üzrə taxıl biçini sürətlə davam edir. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, iyunun 30-na olan operativ göstəricilərə əsasən, ölkə üzrə 932 min hektardan artıq sahədə aparılan biçin işlərinin 58,6%-i artıq tamamlanıb.
Bu günədək 546 787 hektar sahədən ümumilikdə 1 milyon 849 min 872 ton taxıl yığılıb. Hazırda orta məhsuldarlıq 33,8 sentner/hektar təşkil edir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,2 sentner çoxdur.
Buğda və arpa sahələrində son vəziyyət
Ölkə üzrə 505 696 hektar sahədə buğda, 426 623 hektarda isə arpa əkilib. İndiyədək buğda sahələrinin 38,8%-ində, arpa sahələrinin isə 82,2%-ində biçin yekunlaşıb.
Orta məhsuldarlıq buğda üzrə 37,2 sent/ha, arpa üzrə isə 32 sent/ha təşkil edir.
Ən yüksək məhsuldarlıq: Hacıqabul rayonu liderdir
Hazırda buğda və arpa üzrə ən yüksək məhsuldarlıq Hacıqabul rayonunda qeydə alınıb – 55 sent/ha. Samux rayonunda buğda üzrə göstərici 49,5 sent/ha, Bərdə, İmişli və Sabirabadda isə arpa üzrə 39,4 sent/ha-dır.
14 rayonda arpa biçini başa çatıb
Arpa biçininə artıq 14 rayonda yekun vurulub, daha 17 rayonda isə proses yekunlaşmaq üzrədir. Yevlax rayonunda buğda biçininə tam son qoyulub. Saatlı, Göyçay, Ağdaş, Bərdə, Masallı və Ucar rayonlarında da buğda biçininin yaxın günlərdə tamamlanacağı gözlənilir.
Kombaynlarla təminat: 1526 texnika iş başında
Hazırda biçin prosesində 1526 kombayn iştirak edir. Onlardan 565-i “Aqroservis” ASC-yə, 961-i isə fiziki və hüquqi şəxslərə məxsusdur. Nazirlik kampaniyanın optimal müddətdə başa çatacağını bildirir.