Finss.az - Yaponiyanın avtomobil nəhəngi Toyota Motor Şanxayda Lexus markalı elektrik avtomobillərinin istehsalı üçün yeni zavodun tikintisinə start verib.
"Sinxua" agentliyinin məlumatına görə, bu müəssisə Şanxayın Czinşan rayonunda yerləşəcək və burada həmçinin batareyaların hazırlanması və istehsalı üçün baza fəaliyyət göstərəcək.
Planlara əsasən, zavodun avtomobil istehsalına 2027-ci ildə başlanılması nəzərdə tutulur. İlkin mərhələdə zavodun istehsal gücü ildə 100 min maşın olacaq.
2025-ci ilin aprelində keçirilmiş Shanghai Auto Show beynəlxalq avtomobil sərgisi zamanı Toyota və Şanxay hakimiyyəti arasında strateji əməkdaşlıq barədə razılaşma imzalanıb. Həmin razılaşmaya əsasən, Toyota Şanxayda zavodun tikintisinə 14,6 milyard yuan (təxminən 2 milyard ABŞ dolları) sərmayə yatıracaq.
Bu addım Toyota-nın elektrik avtomobil bazarındakı mövqeyini gücləndirməyə və Çin bazarında rəqabət qabiliyyətini artırmağa yönəlib. Eyni zamanda, şirkət qlobal avtomobil sənayesində ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin inkişafına öz töhfəsini verir.