MÜSAHİBƏ

24 İyun

Azərbaycanda sosial müavinətlər və təqaüdlər gələn həftə artırılacaq

Finss.az - Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında açıqlayıb ki, gələn həftə Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılacaq.

Deputat bildirib ki, artımlar təxminən 1,1 milyon vətəndaşı əhatə edəcək və sosial təminat sisteminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Vüqar Bayramov qeyd edib ki, ümumilikdə 3 milyon vətəndaşı əhatə edən yeni sosial paket çərçivəsində 1,1 milyon insanın pensiyaları, 700 mindən çox vətəndaşın isə maaşları, minimum əməkhaqqının artırılması nəticəsində yüksələcək.

“2018-ci ilin əvvəlindən bəri minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada isə 3 dəfəyədək artım əldə olunub. Müavinət və təqaüd ödənişlərində isə 2018-2024-cü illər ərzində 5 dəfə artım müşahidə olunur və bu dinamika 2025-ci ildə də davam edəcək”, — deyə Vüqar Bayramov vurğulayıb.

Deputat əlavə edib ki, 2025-ci ildə sosial sahəyə illik əlavə 1,4 milyard manat vəsait ayrılacaq. Bu vəsait 2020-ci ildən başlayaraq Azərbaycan Prezidentinin göstərişi ilə həyata keçirilən sosial paketlərə əlavə olaraq 8,5 milyard manat əlavə maliyyə dəstəyi deməkdir.