Finss.az - Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVİSMİS) üzrə bazar 2025-ci ilin ilk beş ayında mülayim artım nümayiş etdirib.
Bu dövrdə sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artaraq 69 milyon 411 min manata yüksəlib. Ödənişlər isə cəmi 5 faiz artımla 53 milyon 946 min manata çatıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən ilin ilk beş ayında sığorta haqları 65 milyon 316 min manat, ödənişlər isə 51 milyon 267 min manat təşkil etmişdi.
Bazarda zərərlik əmsalı əvvəlki illə müqayisədə dəyişməyərək 78 faiz səviyyəsində qalıb. Bu göstərici – sığorta ödənişlərinin toplanan sığorta haqlarına olan nisbəti – sığorta sektorunda risklərin idarə olunması və səmərəliliyin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Zərərlik əmsalının sabit qalması bazarın tarazlı inkişaf etdiyini göstərsə də, sektorun genişlənməsi üçün daha dinamik artım templərinə ehtiyac olduğu qeyd edilir.