MÜSAHİBƏ

24 İyun

Kredit reytinqlərində yeni dövr

Finss.az - ABŞ-n kredit reytinq nəhəngi Fair Isaac Corp. (FICO), kredit tarixçəsində inqilabi dəyişiklik edərək “İndi al, sonra ödə” (BNPL) modelini rəsmi şəkildə bal sisteminə daxil edib.

ABŞ-da geniş istifadə olunan FICO kredit bal sisteminin yeni versiyası təqdim edilib. Bu versiya ilk dəfə olaraq BNPL (Buy Now, Pay Later) kreditlərini nəzərə alır. Belə qısa müddətli kreditlər artıq yalnız ticarət təcrübəsində deyil, həm də borcalanın kredit reputasiyasında mühüm rol oynayacaq.

Yeni sistemin fərqi ondadır ki, o, xüsusi olaraq BNPL modellərinə uyğunlaşdırılıb. FICO-nun reytinq modelləri üzrə vitse-prezidenti İtan Dornhelmin sözlərinə görə, bu, ilk dəfədir ki, şirkət yalnız bir spesifik kredit formatı üçün ayrıca qiymətləndirmə mexanizmi yaradır.

BNPL kreditləri əsasən dörd hissəli ödəmə sisteminə əsaslanır və altı həftəlik qısa müddətli kreditlərdir. Ənənəvi sistemlərdə belə kreditlər yeni kredit xətti kimi qiymətləndirilərək borcalanın balını aşağı sala bilirdi. Yeni FICO modeli isə bu ödənişləri daha az riskli kateqoriyaya salır və borcalanın davranışına uyğun olaraq ümumi kredit tarixçəsini daha real əks etdirir.

Əsas üstünlük – bir neçə BNPL krediti vahid “kategoriya” kimi qəbul olunur və kredit kartları ilə müqayisədə daha yumşaq qiymətləndirilir.

BNPL modelləri xüsusilə banklara çıxışı məhdud olan yeni immiqrantlar və gənc istehlakçılar üçün mühüm alternativdir. Onlar üçün bu, kredit tarixçəsinin qurulmasında ilk addım ola bilər. Əvvəllər bu kreditlər hesabatlarda görünmədiyi üçün borc yükü qeyri-obyektiv görünürdü. Yeni sistem bu çatışmazlığı aradan qaldırır.

Rəqəmlərlə mənzərə

  • 2024: BNPL tranzaksiyaları – 94 milyard dollar

  • 2025 proqnozu: 108 milyard dollar

  • 500 min istifadəçi – üzərində test edilmiş yeni FICO modeli

  • Beş və daha çox aktiv BNPL krediti olanlar – reytinqdə sabitlik və ya artım nümayiş etdirib

Yeni model daha obyektiv olsa da, ödənişlərin gecikdirilməsi əvvəlki kimi reytinqə mənfi təsir edəcək. Bu, istifadəçiləri məsuliyyətli davranmağa təşviq edən vacib mexanizmdir.

Yeni model 2025-ci ilin payızında bank və kredit kartı emissiya edənlər üçün istifadəyə veriləcək. Amma tətbiqi məcburi deyil. Böyük kredit büroları — Experian, EquifaxTransUnion — BNPL məlumatlarını hələlik yalnız istifadəçilərə təqdim edir, kreditorlara ötürülməsini isə daha çox məlumat toplanana qədər təxirə salıblar.

FICO-nun yeni modeli kredit sistemində şəffaflığı və obyektivliyi artırmaq baxımından mühüm addımdır. BNPL məhsullarının sürətlə artan populyarlığı fonunda bu tip innovasiyalar həm istifadəçilər, həm də banklar üçün əhəmiyyətli dönüş nöqtəsi ola bilər.

Fakt: Bu dəyişiklik, kredit bazarında rəqəmsal transformasiyanın növbəti mərhələsi kimi qiymətləndirilir.