Milli Məclis “Yaşayış minimumu haqqında” Qanuna dəyişiklikləri qəbul edib. Dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə də şəxslər üçün qida normaları təsdiq ediləcək.
Finss.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat verib.
Millət vəkilinin sözlərinə görə, mövcud qanunvericilikdə sosial sahəyə aid müəssisələr bu imkanlardan kənarda qalırdı:
“Yeni dəyişikliklər institusional boşluğu aradan qaldıracaq və bu sahədə çalışan vətəndaşların ehtiyaclarının daha dəqiq qarşılanmasına imkan verəcək.”
Deputat həmçinin qeyd edib ki, minimum istehlak səbətinin yeni tərkibinin bu il ərzində müəyyənləşdirilməsi gözlənilir. Sonuncu dəfə 11 il əvvəl təsdiqlənən səbətin yenilənməsi ilə artan yaşayış xərcləri və inflyasiya faktorları nəzərə alınacaq.
V.Bayramov bildirib ki, hazırda 285 manat olan yaşayış minimumunun gələcəkdə artırılması üçün yeni səbət əsaslı baza rolunu oynayacaq:
“Minimum istehlak səbətinin yenilənməsi ehtiyac meyarının artırılmasına, bununla da sosial yardım məbləğlərinin yüksəlməsinə şərait yaradacaq. Nəticədə, xüsusilə aztəminatlı və sosial dəstəyə ehtiyacı olan əhali qruplarının müdafiəsi daha da güclənəcək.”
Fuad Mədətov
Finss.az