2024-cü ildə dünyada birbaşa xarici investisiyalar (BXİ) ötən illə müqayisədə 11 % azalaraq 1 trilyon 493 milyard ABŞ dolları təşkil edib. Bu göstərici 2023-cü ildə 1 trilyon 673 milyard dollar idi.
Bu barədə Finss.az BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) illik hesabatına istinadən xəbər verir.
Məlumata əsasən, BXİ ardıcıl ikinci ildir ki, azalma tendensiyası nümayiş etdirir. BMT-nin Ticarət və İnkişaf üzrə baş katibi Rebekka Qrinspan bildirib ki, 2025-ci ildə də ciddi bərpa gözlənilmir:
“Ticarət müharibələri, silahlı münaqişələr və artan geosiyasi qeyri-müəyyənliklər ölkələr və şirkətlər arasında narahatlığı artırır”.
UNCTAD-a görə, hazırda transmilli şirkətlər uzunmüddətli investisiya planlarından daha çox milli təhlükəsizlik, tədarük zəncirlərinin dəyişməsi və qısamüddətli risklərin idarə edilməsinə üstünlük verirlər.
İnvestisiyalarda eniş əsasən inkişaf etmiş ölkələrdə müşahidə olunub:
- İnkişaf etmiş ölkələrdə BXİ 22 % azalaraq 626 milyard dollara düşüb;
- Avropada bu göstərici 58 % azalma ilə 182 milyard dollar olub;
- Almaniyada azalma 89 %,
- İspaniyada – 39 %,
- İtaliyada – 24 %,
- Fransada – 20 % təşkil edib;
- Əvəzində Şimali Amerikada 23 % artım qeydə alınıb və investisiyalar 343 milyard dollara çatıb – əsas artım ABŞ-da yarımkeçirici sənayesi sahəsində baş verib.
İnkişaf etməkdə olan ölkələrdə nisbi sabitlik:
- BXİ həcmi 0,2 % artaraq 867 milyard dollara çatıb;
- Afrikada rekord – 75 % artım (97 milyard dollar), əsasən Misirdəki infrastruktur layihəsi hesabına;
- Misir istisna olmaqla da Afrikada artım 12 % təşkil edib;
- Asiyada ümumi BXİ 3 % azalıb (605 milyard dollar), əsas səbəb Çindəki 29 %-lik geriləmə olub.
Ən çox investisiya cəlb edən ölkələr:
- ABŞ – 279 milyard dollar
- Sinqapur – 143 milyard dollar
- Çin – 116 milyard dollar
UNCTAD qeyd edir ki, 2025-ci ilin əvvəlində qlobal investisiya sazişləri və layihələr üzrə fəallıq çox aşağı səviyyədədir. Bu isə yaxın perspektivdə BXİ bərpası üçün müsbət siqnalların zəif olduğunu göstərir.
Fuad Mədətov
Finss.az