MÜSAHİBƏ

21 İyun

Sement ixracında artım: Beş ayda 22,6 milyon dollarlıq satış

Finss.az - 2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 22 milyon 613 min dollar dəyərində 350 min 410 ton sement və klinker ixrac olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Statistik göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artımı əks etdirir. Belə ki, sement ixracı dəyər baxımından 6 milyon 367 min dollar və ya 39,2%, miqdar baxımından isə 82 min 820 ton və ya 30,9% artıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə 16 milyon 247 min dollar dəyərində 267 min 590 ton sement ixrac edilmişdi.

Bu dövrdə sementin orta ixrac qiyməti də yüksəlib. 2025-ci ilin ilk beş ayında 1 ton sementin orta ixrac qiyməti 64,5 dollar (109,7 manat) təşkil edib. Halbuki, ötən ilin müvafiq dövründə bu göstərici 60,7 dollar (103,2 manat) idi. Beləliklə, qiymətlərdə 3,8 dollar və ya 6,3% artım müşahidə olunub.

Sement ixracı ümumi ixracın 0,21%-ni, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,61%-ni təşkil edib. Bu göstəricilər sement sənayesinin Azərbaycan qeyri-neft ixracında artan rolundan xəbər verir.