Kapital Bank tərəfindən digər gəlir mənbələri olan şəxslərə – o cümlədən icarədarlar, repetitorlar, ticarətçilər, peşə sahibləri və s., həmçinin VÖEN ödəyicisi olan və olmayan fərdi sahibkarlara yönəlik daxili ipoteka krediti təqdim olunur.
Finss.az xəbər verir ki, bu kredit məhsulu ilə minimum 20 000 AZN, maksimum isə 250 000 AZN (partnyor tikinti şirkətlərində 500 000 AZN-dək) məbləğində maliyyələşmə mümkündür.
İllik faiz dərəcəsi kreditin müddətindən asılı olaraq müəyyən edilir. Belə ki, 3 ilədək müddətə kreditlər üzrə illik faiz 16,5%, 5 ilədək 17,5%, 10 ilədək 18% və 20 ilədək kreditlər üzrə isə 18,5% təşkil edir. İlkin ödəniş əsasən 30%-dən başlayır. Bu şərt birgəborcalanla müraciət edilən hallara da aiddir. Alınacaq çıxarışlı mənzil regionda yerləşərsə və ya fərdi yaşayış evi, bağ evi və ya villa olarsa da ilkin ödəniş 30%-dən başlayır. Lakin çıxarışlı mənzillər üzrə əlavə daşınmaz əmlak təminat kimi təqdim olunduqda və onun növü ilə yerləşdiyi ərazi nəzərə alınmaqla ilkin ödəniş 15%-dək azaldıla bilər.
Kredit üzrə ödənişlər aylıq annuitet üsulla – yəni müəyyən olunmuş qrafik üzrə bərabər aylıq ödənişlərlə həyata keçirilir. Çıxarışlı mənzillər üzrə kreditlərdə komissiya haqqı 0,5%, notarius hesabından məxaric isə əlavə olaraq 0,5% təşkil edir. Çıxarışsız mənzillər üzrə isə kreditə görə komissiya 1% müəyyən edilib və bu hallarda notarius əməliyyatları aparılmadığı üçün əlavə komissiya tətbiq edilmir.
Qeyd edək ki, partnyor şirkətlər üzrə faiz dərəcələri və kredit məbləğləri fərqli ola bilər.
Ətraflı məlumat üçün: //ipoteka.birbank.az/az/mortgage/internal/item/3
Fuad Mədətov
Finss.az