MÜSAHİBƏ

13 İyun

“ING Group” Azərbaycan iqtisadiyyatı ilə bağlı 2025–2026-cı illər üzrə proqnozunu açıqlayıb

Niderlandın “ING Group”u Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 2 faiz, 2026-cı ildə isə 2,5 faiz artacağını proqnozlaşdırır.

Bu barədə Finss.az ING-yə istinadən xəbər verir ki, 2025-2026-cı illərdə ÜDM-in orta illik artımı 2,25 faiz səviyyəsində olacaq. Cari il üçün əvvəlki proqnoza nisbətən artım tempi 0,5 faiz bəndi azalıb. Bank 2025-ci ilin birinci rübündə iqtisadi artımın 0,3 faiz olduğunu bildirir.

İlin ikinci rübündə artım proqnozu 2,5 faiz, üçüncü rübdə 2 faiz, dördüncü rübdə isə 3 faizdir. 2026-cı ilin birinci rübündə artım 3,5 faiz, ikinci rübdə 3 faiz, üçüncü rübdə 2,5 faiz, dördüncü rübdə isə 1 faiz gözlənilir.

Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM-in 3,7 faiz, 2026-cı ildə isə 3,2 faiz artacağını proqnozlaşdırır.

Beynəlxalq reytinq agentlikləri və qurumlar iqtisadi artım ilə bağlı fərqli rəqəmlər açıqlayıb. SP Global hər iki il üçün 2 faiz, Fitch Ratings 2025-ci ildə 3 faiz, 2026-cı ildə 2,4 faiz, Moody’s isə 2,5 faiz artım gözləyir.

Beynəlxalq Valyuta Fondu 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə 2,5 faiz, Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci ildə 3 faiz, 2026-cı ildə 2,5 faiz artım proqnozlaşdırır. Asiya İnkişaf Bankı isə növbəti iki il üçün müvafiq olaraq 3,4 və 3,3 faiz artım gözləyir. Dünya Bankı 2025-ci ildə 2,6 faiz, 2026-cı ildə isə 2,4 faiz artım proqnozlaşdırıb.

2025-ci ilin yanvar-aprel aylarında isə Azərbaycan iqtisadiyyatı 0,9 faiz artıb.

Fuad Mədətov
Finss.az