MÜSAHİBƏ

05 İyun

"Bakı Maliyyə Məqsədi" qlobal iqlim səylərində dönüş nöqtəsi olacaq – Umayra Tağıyeva

Azərbaycan 2026-cı ildə keçiriləcək Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü və 13-cü Ümumdünya Şəhərlər Forumu ərəfəsində qlobal ekoloji və şəhərsalma təşəbbüslərinə töhfəsini genişləndirməyə hazırlaşır. Rəsmi Bakı bu mühüm tədbirləri beynəlxalq ictimaiyyətin birgə səylərinin gücləndirilməsi üçün mühüm platforma kimi dəyərləndirir.

Finss.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Cənubi Koreyada keçirilən "Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü – 2025" tədbiri çərçivəsində çıxış edərkən bildirib.

Tağıyeva çıxışında Azərbaycanın qlobal iqlim gündəliyindəki fəal rolunu vurğulayaraq qeyd edib ki, COP29-un Bakıda uğurla təşkili ölkənin bu sahədə beynəlxalq əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirdi.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29-u uğurla təşkil etdik. Azərbaycan 2025-ci ildə bu tədbirin sədrliyini davam etdirəcək və iqlim ambisiyalarının artırılması, konkret tədbirlərin təşviqi üçün platforma təmin etmək niyyətindədir,” – deyə Tağıyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə hazırlanmış və “Bakı Maliyyə Məqsədi” adlandırılan yeni kollektiv kəmiyyət məqsədi (NCQG) və Paris Sazişinin 6-cı maddəsi üzrə əməkdaşlıq qlobal iqlim səylərində mühüm rol oynayacaq.

Nazir müavini çıxışında xüsusilə şəhərlərin ekoloji məqsədlərə çatmaqda önəmli rol oynadığını vurğulayıb:

“COP29 göstərdi ki, şəhərlər iqlim fəaliyyəti üçün hərəkətverici qüvvədir. Biz bu qüvvəni daha səmərəli şəkildə səfərbər etməliyik.”

Umayra Tağıyeva eyni zamanda Cənubi Koreyanın ağıllı şəhər planlaşdırmasındakı liderliyini yüksək qiymətləndirərək, bu sahədə Koreya təcrübəsinin Azərbaycan üçün faydalı ola biləcəyini bildirib.

Qeyd edək ki, 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü iqlim dəyişikliyinə həsr olunacaq. Bu tədbir həmçinin COP29-un nəticələrinin təşviqi, həm də Şəhərlər Forumu ilə sinerjinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.

UNEP tərəfindən hər il təşkil olunan bu tədbirin 2025-ci il buraxılışı Cənubi Koreyanın Çecu adasında baş tutub və “Plastik çirklənməsinə son qoyaq” şüarı ilə keçirilərək dairəvi iqtisadiyyata keçid və plastik tullantıların azaldılması mövzularına diqqət çəkib.