MÜSAHİBƏ

05 İyun

Hansı sahələrə edilən ianələrin məbləği vergiyə cəlb olunan mənfəətdən azaldılır?

Finss.az - Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir:

"Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən, dövlətin adından yaradılmış publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 15 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə 2024-cü ilin 1 yanvar tarixindən 5 il müddətinə vergidən azaddır. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə xeyriyyə fondlarının adları açıqlanıb:
Heydər Əliyev Fondu;
Qarabağ Dirçəliş Fondu;
Yaşat Fondu.

Bu maddə yalnız hüquqi şəxlər üçün keçərlidir. Fiziki şəxlərin nağdsız qaydada köçürdükləri ianəyə görə Vergi Məcəlləsinin 102-ci maddəsində güzəşt nəzərdə tutulmayıb.

Hüquqi şəxslər elm, təhsil, səhiyyə, idman, mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, həmçinin siyahısı təstiqlənmiş fondlara cari il ərzində köçürmə etdikləri zaman mənfəətdən 15% azalma verilir. Bundan sonra köçürülən məbləğlə 15% hissə arasında ən kiçik olan məbləğ nəzərə alınmaqla yerdə qalan məbləği mənfəət vergisinə cəlb edilir.

Misal 1: "BR" şirkəti 2025-ci il ərzində Qarabağ Dirçəliş Fonduna 70.000 manat məbləğində vəsait köçürüb. Cari ildə şirkətin ümumi vergiyə cəlb olunan gəliri 500.000 manat, gəlirin əldə edilməsi ilə bağlı xərci isə 200.000 manat təşkil edib. Bu halda vergiyə cəlb olunan mənfəət 300.000 manat təşkil edəcək:

500.000 – 200.000 = 300.000 manat.

Fonda köçürülməni nəzərə alsaq, o zaman məbləğ 45.000 manat olacaq:
300.000 x 15% = 45.000 manat.

Burada 15% hissə köçürülən məbləğdən kiçik olduğu üçün əsas götürüləcək.

Vergiyə cəlb olunan mənfəət: 300.000 – 45.000 = 255.000 manat;

Mənfəət vergisi: 255.000 x 20% = 51.000 manat.

Misal 2: “MA" şirkəti 2025-cü il ərzində Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verən idman sahəsində fəaliyyət göstərən idarənin bank hesabına nağdsız qaydada 70.000 manat məbləğində vəsait köçürüb. Cari ildə şirkətin ümumi vergiyə cəlb olunan gəliri 1.700.000 manat, gəlirin əldə edilməsi ilə bağlı xərci isə 800.000 manat olub. Bu halda vergiyə cəlb olunan mənfəət 900.000 manat təşkil edir:

1.700.000 – 800.000 = 900.000 manat.

Fonda köçürülməni nəzərə alsaq, o zaman vergiyə cəlb olunan mənfəətdən azalan məbləğ 70.000 manat olacaq:

900.000 x 15% = 135.000 manat.

Burada 15% hissə köçürülən məbləğdən böyük olduğu üçün faktiki köçürülən məbləğ nəzərə alınacaq.

Vergiyə cəlb olunan mənfəət: 900.000 – 70.000 = 830.000 manat;

Mənfəət vergisi = 830.000 x 20% = 166.000 manat."

©vergiler.az