Finss.az - ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizliyi əsas gətirərək, 12 ölkənin vətəndaşlarının Birləşmiş Ştatlara girişini tamamilə qadağan edən yeni fərman imzalayıb.
Məlumatı CBS News telekanalının jurnalisti Cennifer Ceykobz mənbələrə istinadən yayıb.
Fərmana əsasən, Əfqanıstan, Birma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşları ABŞ-a nə immiqrasiya, nə də qeyri-immiqrasiya məqsədilə daxil ola bilməyəcəklər.
“Prezident Tramp bu axşam bir neçə ölkəyə qarşı səyahət məhdudiyyətlərini özündə əks etdirən rəsmi fərmanı imzalayıb,” – deyə Ceykobz sosial şəbəkə hesabında bildirib.
Bundan əlavə, Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşları üçün qismən giriş məhdudiyyətləri tətbiq edilib. Bu ölkələrin vətəndaşları üçün vizaların verilməsi və ölkəyə daxil olmaq üçün şərtlər daha da sərtləşdiriləcək.
Ağ Ev artıq fərmanın tam mətnini dərc edib. Sənəddə Tramp qeyd edir ki, bu qərar xarici siyasət, milli təhlükəsizlik və terrorizmə qarşı mübarizə məqsədləri ilə uzlaşdırılıb.
Qərar həm beynəlxalq ictimaiyyətin, həm də insan hüquqları təşkilatlarının diqqətini cəlb edib. Tənqidçilər bunun ayrı-seçkilik xarakteri daşıya biləcəyini irəli sürsə də, Tramp administrasiyası bu addımı ABŞ vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün zəruri hesab edir.