MÜSAHİBƏ

02 İyun

Çin avtosənayesində böhran siqnalları

Finss.az – Çin avtomobil sənayesində ciddi narahatlıq siqnalları eşidilməyə başlayıb.

Great Wall Motors-un (GWM) rəhbəri Vey Tszyantszyun Sina informasiya agentliyinə verdiyi müsahibədə bəyan edib ki, ölkənin avtomobil sektoru böyük maliyyə böhranı ilə üz-üzədir. O, sektorun təhlükəsizliyinin ciddi şəkildə təhdid altında olduğunu vurğulayıb.

GWM sədri açıq şəkildə bildirməsə də, onun sözləri birbaşa BYD şirkətinə işarə kimi qəbul edilib. Vey bildirib: “Avtomobil sənayesində artıq öz Evergrande-i var – sadəcə hələ partlamayıb.” Bu paralel təsadüfi deyil: Evergrande bir vaxtlar Çinin ən böyük tikinti şirkəti olub və 2021-ci ildə iflasını elan edib.

Vey Tszyantszyun Great Wall-un təşəbbüsü ilə bütün avtomobil istehsalçılarının kompleks auditindən keçməsini təklif edib və bu prosesə vəsait ayırmağa hazır olduğunu açıqlayıb. O, vurğulayıb ki, dövlətin illərlə verdiyi dəstək və sənayenin zəhməti boşa getməməlidir.

Qeyd edək ki, 2024-cü ilin sonunda BYD-nin borcu 585 milyard yuana (təxminən 81 milyard ABŞ dolları) çatıb və bu, onu ölkədə ən borclu şirkətə çevirib.

Great Wall rəhbərinin fikrincə, “təmiz” elektrik avtomobillərinin istehsalı sərfəli deyil və bu nəqliyyat vasitələri rentabelli biznes modeli yarada bilmir. “İstehsalçılar hələ də özlərinə zərər hesabına satış həyata keçirirlər. Bu isə uzunmüddətli perspektivdə davamlı deyil,” – deyə o bildirib. Vey həmçinin energetika subsidiyalarının sənayenin sağlam inkişafına mane olduğunu və onların ləğv edilməsinin vacibliyini vurğulayıb.

Great Wall-un elektroavtomobillərə skeptik münasibəti bir sirr deyil. Şirkət hibrid texnologiyalara üstünlük verir və daxili yanma mühərriklərinə (DYM) sərmayə yatırmağa davam edir. Hətta yeni benzinlə işləyən V8 mühərriki də artıq hazırlanıb.

Vey Tszyantszyun avtomobil sənayesinin gələcəyini məhz hibrid sistemlərdə görür: “Əsas rol hələ də daxili yanma mühərriklərinin olacaq.”