MÜSAHİBƏ

29 May

Sadiq Əliyev: Ötən il təxminən 400 min nəfər işlə təmin edilib

Finss.az - Əgər 2015–2020-ci illər ərzində 150 min vətəndaş aktiv məşğulluq tədbirləri ilə əhatə olunmuşdusa, 2024-cü ildə bu göstərici təxminən 400 min nəfərə çatıb.

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, cəmi bir il ərzində 400 min vətəndaş aktiv məşğulluq tədbirlərinə cəlb olunub:

"Bu, həm rəqəmsal idarəetmə imkanlarının genişləndirilməsi, həm də xidmətlərin insanyönümlü və çevik formada göstərilməsinin nəticəsidir. Sosial müdafiə və məşğulluq sistemində dayanıqlığı təmin etmək üçün həm strateji düşünür, həm də operativ addımlar atırıq. Çünki bilirik ki, güclü məşğulluq sistemi güclü rifah cəmiyyətinin təməlidir".

İdarə Heyətinin sədri qeyd edib ki, təxminən son 8 ildə 2 milyon nəfər məşğulluqla təmin edilib:

"Hazırda 175 istiqamətdə peşə təlimləri həyata keçirilir. 1300-dən çox peşə standartı isə artıq təsdiq edilib. Qeyri-formal məşğulluq istiqamətində də müəyyən tədbirlər həyata keçirilib".

Onun sözlərinə görə, 2025-2027-ci illərdə məşğulluqla bağlı işləri daha da genişləndirmək, yeni həlləri tətbiq etmək əsas çağırışlardan biridir: 

"Bu dövr ərzində bizim əsas çağırışımız "Böyük Qayıdış" üzrə dövlət proqramı çərçivəsində özünüməşğulluq proqramlarını həyata keçirməkdir".