Finss.az — Avropa İttifaqı (Aİ) ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ikitərəfli azad ticarət sazişi üzrə rəsmi danışıqlar başlanıb.
Bu barədə çərşənbə günü Avropa Komissiyası (AK) məlumat yayıb.
AK-nın sədri Ursula fon der Lyayen bildirib ki, danışıqların başlanması həm Aİ, həm də BƏƏ üçün mühüm dönüş nöqtəsidir və gələcəkdə xalqlar və bizneslər üçün faydalı əməkdaşlıqların inkişafına zəmin yaradacaq.
Tərəflər aprelin 10-da azad ticarət sazişi üzrə danışıqlara başlamaq barədə razılığa gəlib. Hazırda Dubayda keçirilən görüşdə Avropa Komissiyasının ticarət və iqtisadi təhlükəsizlik üzrə üzvü Maroş Şefçoviç ilə BƏƏ-nin xarici ticarət naziri Tani bin Əhməd Əl Zeyudi kommersiya baxımından faydalı razılaşmanın əldə olunması istiqamətində "yol xəritəsi"ni təsdiqləyiblər.
Sənəddə ilk görüşlərin mallar üzrə tariflərin azaldılması, xidmətlərin təşviqi, rəqəmsal ticarət və investisiyaların artırılması istiqamətlərinə fokuslanacağı vurğulanır. Həmçinin tərəflər bərpa olunan enerji, yaşıl hidrogen və strateji xammal sahələrində əməkdaşlığın genişləndirilməsini planlaşdırırlar.
Bu saziş Avropa İttifaqı ilə Fars körfəzi regionu arasında ticarət əlaqələrini yeni səviyyəyə qaldırmaqla yanaşı, qlobal iqtisadiyyatda strateji əhəmiyyət kəsb edir.