MÜSAHİBƏ

26 May

Bankdan 25 milyon avro müsadirə edildi

Finss.az - Luxemburq dairə məhkəməsinin 7-ci cinayət palatası Edmond de Rothschild (Europe) bankını pul vəsaitlərinin yuyulması və cinayət yolla əldə edilmiş gəlirlərin gizlədilməsi ittihamları ilə təqsirli bilib.

Məhkəmə 25 milyon avro məbləğində həbs edilmiş vəsaitin müsadirə olunmasına qərar verib. Bu vəsaitlər dövlət büdcəsinə yönəldilib.

İstintaq və məhkəmə qərarına əsasən, 2009–2013-cü illərdə BƏƏ vətəndaşı bir sıra offşor şirkətlər üçün bankda hesablar açaraq, Malayziyanın 1Malaysia Development Berhad (1MDB) investisiya fondundan mənimsənilmiş vəsaitlərin yuyulmasında iştirak edib.

Bank şübhəli əməliyyatlara baxmayaraq, müştəri ilə əməkdaşlığı davam etdirib və vəsaitlərin mənbəyinin yoxlanılmasında kifayət qədər tədbir görməyib. Lakin, bank hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib, daxili islahatlar aparıb və məhkəmə yalnız vəsaitlərin müsadirəsi ilə kifayətlənib.

1MDB fondu isə artıq ləğv prosesindədir və qalmaqal dünya miqyasında korrupsiya və maliyyə fırıldaqları ilə əlaqədar ən böyük skandallardan biri kimi tanınır. ABŞ, İsveçrə, Sinqapur və digər ölkələrdə istintaqlar davam edir.

Edmond de Rothschild (Europe) bankı açıqlamasında məhkəmə qərarını qəbul etdiyini və tam əməkdaşlıq etdiyini bildirib, həmçinin keçmişdəki pozuntuların aradan qaldırılması üçün geniş islahatlar həyata keçirildiyini vurğulayıb.