MÜSAHİBƏ

23 May

“Dövlət istiqrazları bazarı 9 dəfə artıb” – Azər Mürsəqulov

2018-ci ildən etibarən “Azərbaycan Respublikasının dövlət borcunun idarə olunmasına dair orta və uzunmüddətli Strategiya”nın uğurlu icrası nəticəsində dövlət istiqrazları bazarı təxminən 9 dəfə artaraq 9 milyard manat həcmə çatıb.

Finss.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mürsəqulov Bakıda keçirilən Maliyyə İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dövlət qiymətli kağızlar bazarındakı nəzərəçarpacaq artım 2018-ci ildə müşahidə olunub. Həmin il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının dövlət borcunun idarə olunmasına dair orta və uzunmüddətli Strategiya” sənədi təsdiq edilib. Strategiyanın əsas istiqamətləri arasında:

  • daxili maliyyə bazarlarının inkişaf etdirilməsi,
  • xarici borcun tədricən azaldılması,
  • daxili borclanmanın artırılması
  • və dövlət qiymətli kağızları bazarının genişləndirilməsi yer alır.

A.Mürsəqulov qeyd edib ki, strategiyanın icrası nəticəsində təkcə dövlət istiqrazları bazarı deyil, həm də digər ikinci dərəcəli maliyyə alətləri, o cümlədən təkrar bazar və repo bazarı əhəmiyyətli dərəcədə genişlənib:

“Bu dövr ərzində təkrar bazar 5 dəfə, repo əməliyyatlarının həcmi isə təxminən 60 dəfə artıb".

A.Mürsəqulov onu da əlavə edib ki, əvvəllər dövlət qiymətli kağızlarının əsas investorları banklar və sığorta şirkətləri idisə, son illərdə institusional və korporativ investorlar, fiziki şəxslər, hətta xarici vətəndaşlar da bu bazarda aktiv iştirak etməyə başlayıb. Bu, bazarın daha da dərinləşdiyini və genişləndiyini göstərir.

O, bu prosesdə vasitəçi şirkətlərin də rolunu xüsusi vurğulayıb:

“Onlar investorlarla qiymətli kağızlar bazarı arasında effektiv əlaqə yaradır və bazar iştirakçılığını təmin edirlər”.

Fuad Mədətov
Finss.az